BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4907 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 850 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2 bənd düşmüş və 1 dollar üçün 4909 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 7 milyon 404 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4907,38 manat olmuşdur.
Beləliklə, USD/AZM aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 8 milyon 254 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 40 milyard 507 milyondur. Bir əqdə, orta hesabla, 634 923 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,849 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
500 milyon manat məbləğində bir banklararası əqd qeydə alınmışdır. Borcalma dərəcəsi illik 11 faiz, kreditin cəlb edilməsi müddəti isə 90 gündür.