BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, aprelin 10-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8289 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8304 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 9 341 830 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8289 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 11 270 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 9 341 830 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 2 254 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar RUB/AZN və AVR/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,64 faiz, ABŞ dolları üzrə isə 17,08 faiz təşkil etmişdir.
Aprelin 10-da birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.