BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 322 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 286 min ABŞ dolları həcmində təklif və 322 min ABŞ dolları həcmində tələb şəraitində manatın məzənnəsi 1 bənd düşərək 1 ABŞ dolları üçün 4913 manat olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 2 milyon 24 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,944 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 253 min dollar düşmüşdür.
Dilerlər tələb olmadığından USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar AVRAZM,RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən 3,114 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 30-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.