BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 480 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4911 manata bərabər olmuşdur. Təklif 1 milyon 480 min və tələb 1 milyon 585 min dollar olduğu şəraitdə manatın məzənnəsi 2 bənd aşağı düşmüş və 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4914 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 2 milyon dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,828 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 222,222 min dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,115 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 14-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.