BAKI BEYNƏLXALQ VƏ ŞƏHƏRLƏRARASI AVTOVAĞZAL KOMPLEKSİNİN İNŞASI BAŞA ÇATMAQ ÜZRƏDİR
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin inşası başa çatmaq üzrədir.
Qarşıdakı 2 ay ərzində bu nəhəng müəssisə respublikanın rayonlarına və xarici ölkələrə sərnişin daşınması üçün tam hazır vəziyyətə gətiriləcəkdir.
Bakı-Sumqayıt magistral yolunun kənarında 3,7 hektar sahədə inşa edilən kompleksin tikintisinə 2004-cü ilin mayında başlanmışdır. Kompleksdə istilik sistemi, ventilyasiya, işıqlandırma, siqnalizasiya, videomüşahidə, lift və eskalatorların proqramlaşdırılması işi artıq başa çatmışdır. 1.100 yerlik yeraltı avtomobil dayanacağı, ticarət köşkləri, müxtəlif növ xidmət otaqları da artıq istismara hazırdır. Bunlardan əlavə, poçt-teleqraf, bank, gözləmə salonları, VİP otaqları, saxlama kameraları, sanitariya qovşağı və avtomatik yanğınsöndürmə sistemi kompleksin başlıca xidmətlərinə daxildir.
Avtovağzalda 96 yerlik 3 ulduzlu hotel də sərnişinlərə xidmət göstərəcəkdir. Bütün daxili infrastruktur vahid elektron məntəqədən idarə olunacaqdır. Hazırda MDB-də bənzəri olmayan kompleksdə asma şüşə tavanın quraşdırma işləri aparılır. Belə tavan sistemi respublikada ilk dəfə bu avtovağzalda tətbiq olunur. Tavan üçün təbəqə şüşə Birləşmiş Ərəb Əmirliklərindən gətirilmişdir. Layların birinin ağırlığı 1,2 tondur.
Avtovağzalda gün ərzində 18-20 min sərnişinə xidmət göstərmək, 800-950 avtobusu yola salmaq və qəbul etmək mümkün olacaqdır. Burada 4.500-dən çox vətəndaşın yeni iş yeri ilə təmin olunacağı bildirilir.