Bakı dəmir yolu xəstəxanasında bir neçə şöbə əsaslı təmirdən sonra istifadəyə verilib
Bakı, 24 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafiya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, açılış mərasimində çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son vaxtlar dəmir yolunun həyatında mühüm dönəm başlayıb. Böyük layihələr icra olunur, yenidənqurma işləri davam edir. 102 yaşlı Bakı dəmir yolu xəstəxanasının reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafiya kabinetinin əsaslı təmir olunması da görülən işlərin tərkib hissələrindən biridir. Şöbələr tam müasir avadanlıqlarla təchiz olunub.
C.Qurbanov dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərən səhiyyə işçilərinə təşəkkür edib.
Sonra əsaslı təmir olunan reanimasiya şöbəsi, kliniki laboratoriyaya və flüoroqrafiya kabinetinə baxış keçirilib.