BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ HESABAT İCLASI KEÇİRİLMİŞDİR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov dahi rəhbərimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin iqtisadiyyatımızın, elm və təhsilimizin, mədəniyyətimizin inkişafındakı misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.
Universitet ilə AMEA arasındakı elmi əlaqələrdən, təhsildə qazanılan uğurlardan bəhs edən rektor, elmi tədqiqatların davam və inkişaf etdirilməsinin vacibliyini nəzərə çarpdırmışdır.
Sonra BDU-nun prorektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov il ərzində universitetdə aparılmış elmi araşdırmalar və onların nəticələri barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin öyrənilməsi ilə bağlı geniş tədqiqatlar aparılmış, Heydər Əliyev məktəbində müxtəlif mövzularda elmi məruzələr dinlənilmişdir.
Son 5 il ərzində 187 monoqrafiya, 250 dərslik, 146 kitab, 364 dərs vəsaiti nəşr olunmuş, 5383 məqalə (746-sı xaricdə) dərc edilmişdir.
Diqqətə çatdırılmışdır ki, BDU-nun dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu universitetləri ilə, beynəlxalq təşkilat və assosiasiyalarla elm və təhsil əlaqələri də genişlənmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov rəhbərlik etdiyi qurum ilə BDU arasındakı elmi əlaqələrin əhəmiyyətini vurğulamışdır.
İclasda BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və professor Mirzə Allahverdiyev əldə etdikləri elmi uğurlara görə universitetin “İlin alimi” fəxri adına layiq görülmüşlər.
Sonra geniş müzakirələr aparılmış, təkliflər verilmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, təhsil naziri Misir Mərdanov, parlamentin deputatları, tanınmış alim və təhsil işçiləri iclasda iştirak etmişlər.