Bakı Dövlət Universitetinin Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib
Qazax, 6 aprel, Famil Quliyev, AZƏRTAC
Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərindən iki il ötür. Həmin döyüşlərdə Qazax rayonu da şəhidlər verib. Bu gün qazaxlılar rayonun Fərəhli kəndində anadan olmuş kapitan Mühüd Orucov, Yuxarı Salahlıda doğulmuş baş leytenant Elvin Namazov, Aslanbəyli kəndində anadan olmuş Orxan Əliyev ilə fəxr edirlər. Onların göstərdikləri şücaət hər bir gənc üçün örnək və qürur mənbəyi olmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantıda səsləndirilib.
Tədbirdə filialın müəllim və tələbələri, Aprel döyüşlərinin iştirakçıları, şəhid olmuş igid oğullarımızın ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Aprel döyüşlərinə həsr olunmuş rəsm sərgisinə baxıblar. Şair-publisist Güləmail Muradın “Aprel döyüşləri” kitabı iştirakçılara təqdim olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova Aprel döyüşlərinin əhəmiyyəti və onun Azərbaycanın hərb tarixindəki yeri barədə danışıb. O deyib ki, biz bu gün Aprel döyüşlərini qürur hissi ilə dəyərləndiririk.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal Aprel döyüşlərində qazanılan qələbədən danışaraq vətənpərvərlik mövzusunda yazdığı şeirini oxuyub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev tədbirin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olduğunu bildirib.
Aprel döyüşlərinin iştirakçıları, filialın tələbəsi Təhmil Quluyev, Xanlıqlar kənd sakini Əfqan Daşdəmirov şanlı Aprel döyüşlərindən söz açaraq Azərbaycan əsgərlərinin mərdliyindən və mübarizliyindən danışıblar.
Şəhid kapitan Mühüd Orucovun müəllimi Alı Həsənov, baş leytenant Elvin Namazovun müəllimi Məhəmməd Vəkilov, Orxan Əliyevin müəllimi Lətifə Əliyeva şəhidlərin məktəb illərindən söz açıb, xatirələrini bölüşüblər.
M.Orucovun atası Qurban Orucov şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Rayon icra hakimiyyətinin böyük məsləhətçisi Gülnar Quluyeva, filialın tələbəsi Rəna Almazova, Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, xalqa və qələbəyə həsr olunmuş şeirlər oxuyublar.
Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında başa çatıb.