Bakı Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsini Qubada keçəcəklər
Bakı, 10 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qubanın İkinci Nügədi kəndindəki Tədris-Təcrübə və İstirahət Mərkəzinə yola düşən tələbələrlə görüşüb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə mərkəzin 1967-ci ildə fəaliyyətə başladığını, əvvəllər təcrübə imkanlarının məhdud olduğunu deyən rektor 2013-cü ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin açılış mərasiminin keçirildiyini diqqətə çatdırıb.
A.Məhərrəmov mərkəzdə indiyədək minlərlə tələbənin təcrübə keçdiyini vurğulayıb. Rektor ötən beş il ərzində əməkdaşlıq müqavilələri əsasında Türkiyə, Çexiya, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin universitetlərinin alim və tələbələrinin, həmçinin Almaniyanın GİZ təşkilatı mütəxəssislərinin mərkəzdə yay məktəbində olduqlarını qeyd edib.
Qeyd edək ki, BDU-nun biologiya fakültəsinin biologiya müəllimliyi ixtisası üzrə 93, biologiya ixtisası üzrə 116, su bioehtiyatları və akvabitkilər ixtisası üzrə 15 tələbəsi və 11 rəhbər müəllim istehsalat təcrübəsində olacaq.