İQTİSADİYYAT
Bakı Fond Birjasında ilk dəfə “Emitent Günü” tədbiri keçiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 11-də Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Emitent Günü” tədbiri baş tutacaq.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı, “Bakı Fond Birjası” QSC, Milli Depozit Mərkəzi və “ABB-İnvest İnvestisiya şirkəti” QSC-nin iştirak edəcəyi görüşdə emitent olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış edəcək. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan Azərbaycan Beynəlxalq Bankı bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşəcək, təqdimatçılar öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanlarından danışacaqlar.
Tədbirin əsas məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edəcək.