Bakı Mühəndislik Universitetində “Mənim universitetim” adlı bilik və yaradıcılıq günü keçirilib
Xırdalan, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 4-də Bakı Mühəndislik Universitetində “Mənim universitetim” adlı bilik və yaradıcılıq günü keçirilib. Əsasən abituriyentlər və onların valideynləri üçün nəzərdə tutulan tədbirdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan yüzlərlə insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov tədbirin açılışında layihənin məqsədindən danışıb, abituriyentlərin ali məktəblə yaxından tanış olmaları üçün maksimum şərait yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, hər kəs stendlərə yaxınlaşanda onlarda ixtisaslar haqqında ilkin fikir formalaşacaq və bu da abituriyentlərə ixtisas seçimində kömək edəcək.
“Biz abituriyentlərin və onların valideynlərinin xüsusən ixtisas seçimi istiqamətində maarifləndirilməsinə çalışırıq. Çünki, düzgün ixtisas seçimi universitetdə tədrisin keyfiyyətinin artırılmasında xüsusi rol oynayır. Əslində, Bakı Mühəndislik Universiteti il ərzində abituriyentlərə faydalı olacaq silsilə tədbirlər keçirib. Bu tədbiri isə həmin tədbirlərin finalı adlandırmaq olar”, - deyən rektor abituriyentlərə qəbul imtahanında uğurlar arzulayıb.
Universitetin həyətində təşkil olunan tədbirdə ali məktəbdə fəaliyyət göstərən 30-dan çox elmi və sosial tələbə dərnəyi abituriyentlərə universitet və tələbə həyatının müfəssəl məlumantlandırılması üçün xüsusi proqramlar təqdim edib. Onların elmi şouları və ifalarında mədəniyyət nümunələri tədbirə xüsusi rəng qatıb.
Qonaqlar BMU-nun maddi-texniki bazası, texnoparkı ilə yaxından tanış olub, sualları cavablandırılıb.