Bakı Mühəndislik Universitetində tələbələrin yaradıcılıq sərgisi açılıb
Xırdalan, 14 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) payız sessiyasının yekunu olaraq memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan tələbələrin hesabat xarakterli yaradıcılıq sərgisi açılıb.
Sərginin açılış mərasimində universitet əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və KİV rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarına ali məktəbin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Bakı Mühəndislik Universiteti də “sahibkar universitet” olmaq istiqamətində fəaliyyət göstərir. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına diqqət yetirildiyini vurğulayan rektor bildirib ki, digər ali məktəblərdən fərqli olaraq, BMU-da memarlıq, şəhərsalma və dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar.
Qonaqları sərgi ilə tanış edən memarlıq və inşaat kafedrasının müdiri, Əməkdar memar, professor Sabir Orucov sərgini BMU-da olan mühitin, əsasən də tələbə-müəllim münasibətinin bəhrəsi kimi xarakterizə edib. Əsasən memarlıq layihələndirilməsi və onun əsasları, dizaynın əsasları, kompüter qrafikası, rəsm və rəngkarlıq sahələri üzrə təşkil olunan sərgidə memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan tələbələrin 200-ə yaxın işi nümayiş etdirilib.