Bakı Nəqliyyat Agentliyi beynəlxalq Qran-Pri turnirində paracüdoçuları nəqliyyat vasitələri ilə təmin edəcək
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli və AMPK-nın prezidenti İlqar Rəhimov imzalayıblar.
Memorandum agentlik ilə komitə arasında nəqliyyat dəstəyi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığı əhatə edir.
Sənədə əsasən, BNA Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olduqda nəqliyyat vasitələri ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, mayın 10-15-də ölkəmizdə keçiriləcək beynəlxalq Qran-Pri turnirində xarici və yerli idmançıların nəqliyyat vasitələri ilə təmin edilməsini də BNA üzərinə götürür.
İmzalanma mərasimində çıxış edən V.Kərimli fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması ilə bağlı görülən işlərdən danışıb. Vurğulayıb ki, əhaliyə, xüsusən də fiziki imkanları məhdud şəxslərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, son üç ildə Agentlik tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədilə avtobuslarda müvafiq şəraitin olmasına dair tələblər müəyyənləşdirilib. Hazırda Bakıda 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda əlil arabası üçün xüsusi mexanizm quraşdırılıb. Həmçinin bu avtobuslarda əlillər üçün ayrıca yerlər nəzərdə tutulub. Yeni gətiriləcək 300 avtobusda da fiziki imkanları məhdud şəxslərin rahatlığı üçün lazımi şərait var.
Bildirilib ki, Bakıda ilk dəfə olaraq fiziki imkanları məhdud şəxslərin küçə-yol şəbəkəsindən rahat istifadəsini təmin etmək məqsədilə səkilərdə pandusların quraşdırılmasına başlanılıb. 2017-ci ilin dekabrında başlanılan işlər hazırda davam etdirilir. Artıq 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb. “Sovetski” layihəsi çərçivəsində salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən işıqforlar quraşdırılıb. Digər yollarda da bu tip işıqforların quraşdırılması nəzərdə tutulub. “İdeal səki” layihəsi çərçivəsində səkilərə görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətinə imkan verən hiss edilə bilən (tactile) örtüklərin vurulması planlaşdırılır.
İ.Rəhimov nəqliyyat xidmətlərinin əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə BNA-nın həyata keçirdiyi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, görülən işlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. O, bu işlərin həyata keçirilməsində AMPK-nın mütəxəssislərinin də yaxından iştirak etməyə hazır olduqlarını deyib.
Sonda İ.Rəhimov AMPK-nın yaradılmasının 20 illiyi münasibətilə hazırlanmış xüsusi medalı V.Kərimliyə təqdim edib.
Xatırladaq ki, paracüdo üzrə beynəlxalq Qran-Pri turniri mayın 13-14-də Bakıda keçiriləcək. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazandıran belə bir yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 43 ölkədən 250 idmançının iştirak edəcəyi gözlənilir.