BAKI POLİSİ İLİN İLK ÜÇ AYINDA GÖRÜLƏN İŞLƏRİ TƏHLİL ETMİŞDİR
BŞBPİ-nin təşkilati-inspektor idarəsinin rəisi, polis polkovniki Rəhim Lətifov 2006-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş məruzəsində bildirmişdir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənməsi, cəmiyyətin bütün təbəqələrinin dövlətin apardığı siyasi kursu dəstəkləməsi beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırmışdır.
Hesabat dövründə şəhərin polis orqanları vətəndaşların təhlükəsizliyinin qorunması, normal iş və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün üzərinə düşən vəzifələrin öhdəsindən gəlmişlər. Paytaxt polisinin şəxsi heyəti ictimai asayişin pozulmasına yol verməmiş, törədilə biləcək təxribat hadisələrinin qarşısını almışlar. Ötən dövr ərzində şəhərin polis orqan, hissə və xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra əməli-təşkilati tədbirlər həyata keçirilmiş, aşkar olunmuş nöqsanları aradan qaldırmaq məqsədi ilə yerlərə yazılı göstərişlər, icmal arayışlar göndərilmişdir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, digər məsələlər BŞBPİ rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.
Məlumat verilmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə baş vermiş qəsdən adamöldürmə cinayətlərinin sayı cəmi 1 fakt artmış, qəsdən sağlamlığa ağır zərərvurma, hədə-qorxu ilə tələbetmə, xuliqanlıq cinayətlərinin sayı azalmış, quldurluq və zorlama cinayətlərinin dinamikası keçənilki səviyyədə qalmışdır. Cinayətkarlığa qarşı barışmaz mübarizə aparılması davam etdirilmiş, qrup halında cinayətlər törətmiş 50-dək dəstə zərərsizləşdirilmişdir.
BŞBPİ-nin ayrı-ayrı idarə və şöbələrinin, rayon polis idarələrinin rəisləri qazanılan uğurlardan, yol verilmiş nöqsanlardan və qarşıda duran vəzifələrdən danışmışlar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev müşavirəyə yekun vuraraq bildirmişdir ki, BŞBPİ paytaxtda ictimai-siyasi vəziyyətin sabitləşməsinə və əməliyyat-axtarış, istintaq, profilaktik tədbirlərin səmərəliliyinin artmasına nail olmuşdur. Bakı şəhərində baş vermiş hadisələrin təhlili göstərir ki, cinayətkarlığa qarşı mübarizədə dövlətimizin, Prezidentimizin qarşımıza qoyduğu vəzifələr yerinə yetirilmişdir. Nailiyyətlər bizi arxayın salmamalıdır. Ölkəmizdə baş verən böyük irəliləyişlərin davam etdirilməsi üçün sabitliyin qorunub saxlanması ən vacib şətrlərdəndir.
Bakı şəhərində sabitliyi qoruyub saxlamağın vacibliyini vurğulayan və paytaxt polisinin işində qüsurların mövcudluğundan söz açan Məhərrəm Əliyev demişdir ki, nöqsanlara yol vermiş hər bir əməkdaş cəzalandırılacaqdır. Azərbaycan Prezidentini əmin edirik ki, Bakı polisi həmişə olduğu kimi, bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.