BAKI ŞƏHƏR DÖVLƏT YOL POLİS İDARƏSİ İRİMİQYASLI REYDLƏRƏ BAŞLAMIŞDIR
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına uyğun olaraq, paytaxtda irimiqyaslı reydlərə başlanmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, tədbirlərin keçirilməsindən məqsəd yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən olan sürət həddinin aşılması, nəqliyyat vasitələrinin sərxoş idarə edilməsi, qarşı yola çıxma halları ilə mübarizəni gücləndirmək, sərnişindaşımada qayda pozuntusunun qarşısının alınması, nizam-intizamın yaradılmasıdır.
İyulun 16-da paytaxtda keçirilmiş reydlər zamanı 1816 qayda pozuntusu aşkar edilmişdir. Bunlardan 44-ü nəqliyyatı sərxoş idarə etmə, 22-si qəza şəraiti yaratma, 6-sı polisin tələbinə tabe olmamaq, 58-i svetoforu qırmızı işıqda keçmə, 95-i sürət həddinin aşılması, 32-si sərnişindaşıma, 137-si ötmə, manevr, yol ayrıcı qaydalarının pozulması, 27-si sürücülük vəsiqəsinin olmaması, 3-ü nəqliyyat vasitəsini pərdəli və plyonkalı idarə etmə, qalanları isə digər pozuntulardır.
V.Əsədov demişdir ki, yol hərəkəti haqqında qanunun 163 və 164-cü maddəsinin tələbinə zidd olaraq, avtomobil yollarında və piyada səkilərində hərəkəti məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində də müəyyən işlər görülür. Bu sahədə fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilmiş, bir neçə inzibati tənbeh tədbirləri görülmüşdür.