Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sosial-maarifləndirmə layihəsi davam edir
Bakı, 8 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan 29-cu videoçarxda 10 nömrəli sanatoriya tipli internat məktəbinin psixoloqu Lətafət Novruzova “Məktəblilərdə məsuliyyət hissinin formalaşması” mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərə, valideynlərə və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.