BAKI SOS UŞAQ KƏNDİNDƏ UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 1-də Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı SOS Uşaq Kəndində 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə şənlik keçirilmişdir. Ulu öndər Heydər Əliyevin kimsəsiz uşaqlar ilə bağlı söylədiyi fikirlər səsləndirildikdən sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov demişdir ki, bu Kənddə 100 uşağın tərbiyəsi ilə 22 nəfər məşğul olur. Burada yaşayan uşaqların əksəriyyəti şəhərin müxtəlif təhsil ocaqlarında, habelə olimpiya məktəbində və türk liseylərində təhsil alırlar.
R.Məmmədov vurğulamışdır ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqlara qayğını diqqət mərkəzində saxlayırlar. Çünki uşaqlar ölkənin gələcəyidir.
İcra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin bu Kəndin açılış mərasimində iştirakını, eləcə də uşaqlarla görüşlərini xatırlatmışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, Bakı SOS Uşaq Kəndinin direktoru Əli Axundov və digər natiqlər bildirmişlər ki, ölkəmizdə yetişməkdə olan nəslə qayğı göstərilir, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində tədbirlər görülür, balacalar daim diqqət mərkəzində saxlanılır. Prezidenti İlham Əliyev uşaqların bütün problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verir.
Çıxış edənlər bayram münasibətilə uşaqları təbrik edərək onlara gələcəkdə ölkəmizin layiqli vətəndaşları olmağı arzulamışlar.
Tədbirdə uşaqların və aktyorların iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir. Milli geyimli oğlan və qızların ifa etdikləri rəqslər məclis iştirakçılarında xoş ovqat yaratmışdır.
Şənlikdə balacaların əl işlərinin sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanmış, uşaqlara hədiyyələr paylanmışdır.
######
