Bakıda “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açılıb
Bakı, 30 mart, Flora Şükürova, AZƏRTAC
Martın 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışıb, rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü qeyd edib. Qubada tapılmış kütləvi məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədi qalıqlarının müəyyən edilməsinin soyqırımının bariz nümunəsi olduğunu bildirib.
K.Tahirov diqqətə çatdırıb ki, soyqırımı hadisəsi cəmi iki il - 1919 və 1920-ci ilin mart ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli hüzn günü kimi qeyd edilib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Milli Kitabxananın direktoru XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığından söz açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.
Milli Kitabxananın əməkdaşı Qızılgül Yusifova çıxış edərək tarixə qısa bir nəzər salıb.
Sonda tədbir iştirakçıları “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış olublar.