Bakıda 3 yaşlı uşağın üzərində “koxlear implantasiya” əməliyyatı aparılıb
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “koxlear implantasiya” əməliyyatı icra olunub.
ATU-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tədris Cərrahiyyə Klinikasının qulaq-burun-boğaz şöbəsinin müdiri, həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Lətifin üzərində apardığı əməliyyat uğurla nəticələnib.
Yusif Hacıyevin sözlərinə görə, “daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır.
Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir. Y.Hacıyev qeyd edib ki, klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır.
Qeyd edək ki, eşitməsində anadangəlmə problem olan hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Y.Hacıyev bir daha xatırladır ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.