Bakıda Albaniyanın Müstəqillik Gününə həsr olunmuş fotosərgi açılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Bakıdakı “Natəvan” qalereyasında Albaniya Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Qartallar dünyası” fotosərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Albaniyanın ölkəmizdəki səfirliyi və “Azərbaycan İncəsənət Konsulluğu” (“Arts Council Azerbaijan”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan sərginin kuratoru tanınmış fotoqraf Mirsadih Hüseynovdur.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərginin azərbaycanlılarda Albaniya haqqında geniş təsəvvür yaradacağını bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycanda ilk dəfə keçirilən bu sərgi gələcəkdə ölkələrimiz arasında sıx əməkdaşlığın qurulması üçün bir vasitə olacaqdır.
Azərbaycan ilə Albaniya arasında mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlıq əlaqələrindən danışan nazir müavini demişdir ki, “Qartallar dünyası” fotosərgisi bu əməkdaşlığın bariz nümunəsidir.
Qeyd olunmuşdur ki, sərgiyə “Qartallar dünyası” adının verilməsi təsadüfi deyildir. Çünki albanlar ölkələrini “Qartallar dünyası” adlandırırlar.
Albaniya Respublikasının ölkəmizdəki səfiri Genci Muçay əməkdaşlığımızın genişləndirilməsində xalqlarımız arasında mövcud olan yaxın əlaqələrin əhəmiyyətini qeyd etmişdir. Demişdir ki, sərginin təşkilində əsas məqsəd Azərbaycan və Albaniya arasında dostluq və mədəniyyət sahəsində əməkdaşlıq münasibətlərin möhkəmlənməsinə və inkişafına yardım etməkdir. Albaniyalı diplomat demişdir: “ Ölkəniz də, diliniz də, insanlarınız da çox gözəldir. Sizinlə birlikdə olmaqdan qürur duyuram”. O, sərgi iştirakçılarına minnətdarlığını da bildirmişdir.
Sərgidə Albaniyanın mədəniyyətini, adət-ənənələrini, qədim memarlıq abidələrini və müasir vəziyyətini əks etdirən fotoşəkillər nümayiş olunur.
Sərgi noyabrın 17-dək davam edəcəkdir.