MƏDƏNİYYƏT
Bakıda “Amerika cazı ilə əlaqədar monoloq” tamaşası uğurla nümayiş etdirilib







Bakı, 21 yanvar, AZƏRTAC
Ötən həftə Bakıda məşhur rus yazıçısı və dramaturqu Yelena Yerpılevanın “Amerika cazı ilə əlaqədar monoloq” pyesi əsasında hazırlanmış tək qadın tamaşası nümayiş olunub. Bu tamaşanın premyerası 2024-cü il aprelin 5-də Aktyor Evində baş tutmuşdu. Bu dəfə o, 2025-ci il yanvarın 14-də və 16-da Rus Dram Teatrının kiçik səhnəsində, eləcə də Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində uğurla təqdim olunub. Tamaşanın rejissoru Fəridə Nesterenkodur. Əsas və yeganə rolu isə Lalə Axundova ifa edir.
AZƏRTAC xəbər verir ki, hadisələr əməyi ilə çoxlu nailiyyətlər əldə etmiş, lakin həyat zövqünü, mənasını itirmiş qadının ətrafında cərəyan edir. Bu, sevgi və hörmət kimi həqiqi hisslərin həyatda nə qədər vacibliyi və insanlar arasındakı münasibətlərin karyera və puldan daha zəruri olması haqqında hekayədir.
Heç kimə sirr deyil ki, çox vaxt insanlar maddi nemətlərin dalınca nəinki yaxınlarını, hətta özlərini də itirirlər, halbuki bəzən irəli getmək və həyatın dadını hiss etmək üçün sadəcə 3 dəqiqəlik sükut tələb olunur.
Tamaşalara baxanlar arasında Rus Dram Teatrının aktyorları, tanınmış musiqiçilər, şairlər, yaradıcı ziyalılar olublar. Tamaşadan sonra isə onlar uzun müddət bir yerdə gördüklərini qızğın şəkildə müzakirə etdilər, buradakı həyat situasiyalarını özlərinə və yaxınlarına uyğunlaşdırmağa çalışdılar.
Tamaşaçılar tamaşaya uğurlu və uzun səhnə həyatı arzuladılar. Yaradıcılar “Amerika cazı ilə əlaqədar monoloq” tamaşasını Rusiyada və xaricdə keçirilən solo ifa festivallarına daxil etməyi planlaşdırırlar.