RƏSMİ XRONİKA
BAKIDA AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS-TERAPEVTİK KLİNİKASININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Bakıda Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının təməlinin qoyulması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Universitetin həyətinə toplaşmış tələbələr və müəllimlər dövlətimizin başçısını və xanımını böyük hörmət və ehtiramla qarşıladılar.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tikiləcək klinika barədə Azərbaycan Prezidentinə məlumat verdi. Bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihələşdirilən, podratçısı “Azərinşaatqranit” MMC olan 14 mərtəbəli binanın sahəsi 6552 kvadratmetr, onun ətrafındakı yaşıllıqların ərazisi 957,46 kvadratmetr olacaqdır.
Çoxprofilli klinikanın tikintisi Azərbaycan Prezidentinin bu il sentyabrın 11-də imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Belə bir klinikanın yaradılması zərurəti onunla əlaqədardır ki, hazırda universitetin klinik fənlər tədris edilən kafedralarının çoxu Bakının müxtəlif rayonlarının ərazisindəki xəstəxanalarda yerləşir. Bu, tədris prosesinin təşkilinə mənfi təsir göstərməklə yanaşı, bir sıra başqa narahatlıqlara da səbəb olur. Həmin kafedraların vahid mərkəzdə cəmləşməsi ümdə zərurətdir. Bu, tədrisin keyfiyyətini və maddi-texniki təminatını yaxşılaşdırmağa imkan verəcək, elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradacaqdır.
Tikintinin başlanması üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Tibb Universitetinə 3 milyon manat məbləğində vəsait ayrılmışdır.
Dövlətimizin başçısı xüsusi kapsulu klinikanın özülünə qoyaraq beton qarışığı tökdü.
Sonra Azərbaycan Prezidenti və onun xanımı tədris-terapevtik klinikanın baş planının təsvir edildiyi fotostendlərlə tanış oldular.
Təməlqoymaya həsr olunmuş mərasimi universitetin rektoru, akademik Əhliman Əmiraslanov açdı.