BAKIDA “AZƏRBAYCANDA SİYASİ HÜQUQLARIN MÜDAFİƏSİ – YENİ MEYARLAR” MÖVZUSUNDA İKİGÜNLÜK BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də “Crescent Beach” mehmanxanasında Siyasi Məhbus Problemləri üzrə Şuranın, İnsan Hüquqları - XXI əsr Azərbaycan Fondunun, Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin Bolqarıstanın Məhbusların Reinteqrasiyası Assosiasiyasının dəstəyi ilə təşkil etdikləri “Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlamışdır.
Dünyanın 27 ölkəsindən 70-dən çox tanınmış ekspert və hüquqşünasın, o cümlədən Avropa Şurasına üzv olan 16 ölkəni təmsil edən 29 deputatın, Azərbaycanın dövlət və hökumət qurumlarının nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycanda hüquq və məhkəmə islahatlarının mövcud durumu və perspektivi, söz və mətbuat azadlığının qorunması, siyasi hüquqların müdafiəsi məsələlərinə dair müzakirələr aparılır.
Tədbiri Siyasi Məhbus Problemləri üzrə Şuranın sədri Ənvər Qafarlı açmışdır.
Müasir dövrümüzdə insan hüquqlarının qorunmasının vacib məsələ olduğunu vurğulayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin önəm verdiyi əsas məsələlərdəndir. 1995-ci ildə müstəqil Azərbaycan tarixində ilk dəfə qəbul olunmuş Konstitusiyada 50-yə yaxın maddə məhz insan hüquq və azadlıqları ilə bağlıdır. Bundan əlavə, ötən dövrdə insan hüquqlarına dair 6 Konstitusiya qanunu qəbul olunmuşdur. Azərbaycan insan hüquqlarına dair beynəlxalq səviyyədə qəbul olunmuş bütün siyasi sənədlərə, paktlara və konvensiyalara qoşulmuşdur.
Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində problemlərə toxunan Ziyafət Əsgərov demişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlının bütün hüquqları pozulmuşdur.
Milli Məclis sədrinin birinci müavini bu məsələnin konfransda müzakirəsini tövsiyə etmişdir.
Tədbirin hollandiyalı professor Anton van Kalmtautun sədrliyi ilə “Mülki və siyasi hüquqların müdafiəsinin aspektləri” mövzusunda birinci plenar iclasında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin və insan hüquları altkomitəsinin üzvü xanım Katrin Saks, Avstriyanın ATƏT Parlament Assambleyasındakı təmsilçisi Volfqanq Qrosruk və Azərbaycanın AŞ Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov məruzə ilə çıxış etmişlər.
Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov “Azərbaycan prezident seçkiləri ərəfəsində siyasi hüquqların qorunması - ölkədə demokratiyanın inkişafının möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırma” mövzusunda məruzəsində ölkəmizdə insan hüquqlarının qorunmasına daxili məsələ kimi deyil, qlobal dünyanın transmilli prosesi kimi baxıldığını demişdir.
Əli Həsənov demişdir ki, sosialist idarəetmə sistemindən xilas olan Azərbaycan BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olmaqla beynəlxalq hüququn subyektinə çevrilmişdir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Avratlantik strukturlarına inteqrasiya istiqaməti götürmüşdür.
Qısa müddətdə böyük uğurlardan danışmağın düzgün olmadığını vurğulayan Əli Həsənov bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü, qaçqın və məcburi köçkün problemi, müstəqilliyin ilk illərində daxili siyasi çəkişmələr Azərbaycanda demokratiyanın inkişafını, o cümlədən insanların hüquqlarının qorunmasını çətinləşdirirdi. Bu proses 1995-ci ilin ortalarınadək davam etmişdir. Bundan sonra Azərbaycanda demokratik quruculuq işlərinə başlanılmış, 1995-ci ilin payızında ilk dəfə çoxpartiyalı sistem əsasında parlament seçkiləri və Konstitusiyanın qəbulu üçün ümumxalq səsverməsi - referendum keçirilmişdir.
Azərbaycanda hazırda qeydiyyatdan keçmiş 52 siyasi partiyanın fəaliyyət göstərdiyini diqqətə çatdıran şöbə müdiri bildirmişdir ki, partiyalar bələdiyyə, parlament və prezident seçkilərində sərbəst iştirak edə bilirlər. Hazırda Azərbaycan parlamentində 12 siyasi partiyanın təmsilçisi vardır.
Azərbaycanda vətəndaşların seçki hüququnun daha yüksək səviyyədə təmin olunması istiqamətində işlərin davam etdiyini bildirən Əli Həsənov əlavə etmişdir ki, hazırda ölkədə 3500-dən çox ictimai təşkilat, qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
1998-ci il avqustun 6-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə ölkədə mətbuat üzərindəki senzuranın tamamilə ləğv edildiyini diqqətə çatdıran Prezidentin İcra Aparatının şöbə müdiri demişdir ki, Azərbaycan postsovet məkanında yeganə və ilk ölkədir ki, burada mətbuata dövlət nəzarəti yoxdur. Hazırda Azərbaycanda 16 televiziya və radio kanalı, 50-yə yaxın elektron KİV, 1000-dən çox qəzet, jurnal və digər nəşrlər fəaliyyət göstərir.
Sonda Əli Həsənov bildirmişdir ki, Azərbaycan dövləti ölkədə insan hüquqlarının və azadlıqlarının qrounması istiqamətində beynəlxalq təşkilatlara əməkdaşlığı davam etdirəcəkdir.
Katrin Saks “Avropa İttifaqı iqtisadi maraqlar və əsas dəyərlər arasında”, Volfqanq Qrosruk isə “İnsan hüquqlarına liberal və konservativ Avropa ənənələri baxımından yanaşma” mövzularında danışmışlar.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Avropa Şurasına üzv olarkən Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi mərhələləri” mövzusunda məruzəsində öhdəliklərin icrası haqqında məlumat vermişdir.
Səməd Seyidov bildirmişdir ki, Azərbaycan Avropa Şurasının bir çox konvensiyasını ratifikasiya etmiş, ombudsman təsisatı yaradılmış, ictimai televiziya fəaliyyətə başlamış, Avropa Şurasının ekspertlərinin siyasi məhbus hesab etdiyi şəxslər də daxil olmaqla yüzlərlə şəxs azad edilmişdir.
Tədbirdə “Konstitusiya təminatı, mülki və siyasi hüquqların müdafiəsi”, “Mülki və siyasi hüquqların idarə olunması və bərqərar edilməsi istiqamətində beynəlxalq sənədlərə müqayisəli baxış, onların Azərbaycan qanunvericiliyində həyata keçirilməsi”, “Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiya Məhkəməsinin rolu və təcrübəsi”, “Azərbaycanda məhkəmə sisteminin inkişafı”, “Azərbaycanda KİV-in fəaliyyətinin hüquqi əsasları” və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfrans işini aprelin 8-də davam etdirəcəkdir.
######
