BAKIDA “BAKUTEL-2004” BEYNƏLXALQ TELEKOMMUNİKASİYA İNFORMASİYA TEXNOLOGİYALARI SƏRGİSİ AÇILMIŞDIR
Açılış mərasimində rabitə və informasiya naziri Əli Abbasov və başqaları sərginin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ticarət və Sənaye Palatası, Sərmayələrin Təşviqi və Məsləhət Fondu, eləcə də Azərbaycan Banklar Assosiasiyası tərəfindən rəsmi dəstək almış bu yubiley sərgisində dünyanın 16 ölkəsindən 90-dan artıq yerli və xarici şirkət iştirak edir. Burada ABŞ, Fransa, Almaniya, Yaponiya, Çin, Rusiya, Hollandiya və digər inkişaf etmiş dövlətlərin tanınmış şirkətləri İP telefoniya, genişzolaqlı İnternetə çıxış, CDMA texnologiyaları, simsiz İnternet, peyk rabitəsi və s. kimi qabaqcıl xidmətlər nümayiş etdirirlər.
Azərbaycan şirkətləri iştirakçıların 60 faizini təşkil edir. Onların arasında KATEL, AZEUROTEL, AZERNET, AZTELECOM, AZEL, AZƏRKABEL, AZERCELL, BTRİB, LAZER kimi tanınmış informasiya texnologiyaları şirkətləri və operatorları vardır. Hər il keçirilən bu sərgi sayəsində informasiya kommunikasiya texnologiyaları bazarına yeni texnologiya və avadanlıq daxil olur, davamlı əlaqələrin əsası qoyulur və yeni müəssisələr yaradılır.
Əvvəlki illə müqayisədə ekspozisiyaların sayı 70 faiz artmışdır və yerli istehsalçılar da ilk dəfə öz məhsullarını nümayiş etdirmişlər.
Tədbir biznes sahəsində sağlam rəqabətin genişlənməsinə, alıcı və satıcı arasında əlaqələrin yaranmasına, müxtəlif müqavilələrin imzalanmasına, Azərbaycanın dünya kommunikasiya məkanına inteqrasiyasına şərait yaradır.
Oktyabrın 2-də başa çatacaq sərgi çərçivəsində “dəyirmi masa”lar və “İnternet Bankinq” sessiyası, eləcə də mövzuətrafı seminarlar və ən yeni xidmətlərin təqdimatı mərasimləri də keçirilir.