BAKIDA BEYNƏLXALQ SOSİAL TƏMİNAT ASSOSİASİYASI AVROPA ŞƏBƏKƏSİ RƏHBƏR KOMİTƏSİNİN İCLASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 2-də “Hytat Park” mehmanxanasında Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin ikinci iclası işə başlamışdır.
İclasın işində Rəhbər Komitəyə üzv olan ölkələrin nümayəndələri - Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov, Niderland Sosial Sığorta Bankının baş icraçı direktoru, İdarə Heyətinin sədri Errol Frank Stuve, Almaniya Federal Pensiya Təşkilatının prezidenti Herbert Rişe, Fransanın CNAMTS təşkilatının Beynəlxalq Əlaqələr Departamentinin direktoru Qabriel Bak, Polşa Sosial Sığorta Təşkilatı Avropaya İnteqrasiya idarəsinin direktoru Zofiya Çepulis-Rutkovska, İtaliyanın İNAİL təşkilatı İdarə Heyətinin üzvü Pyer Paolo Çeleste iştirak edirdilər.
Tədbirdə çıxış edən DSMF-in sədri Səlim Müslümov bildirmişdir ki, BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin ilk iclası ötən il dekabrın 6-7-də Kopenhagendə keçirilmiş və növbəti iclasın Bakıda keçirilməsi qərara alınmışdı. İkinci iclasda BSTA-nın Avropada Regional Fəaliyyət Planının təsdiq edilməsi, 2008-2010-cu illərdə keçirilməsi nəzərdə tutulan görüşlərin mövzuları, Rəhbər Komitənin növbəti iclası barədə müzakirələr aparılacaqdır.
Azərbaycanın pensiya-sığorta sistemində əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verən S.Müslümov qeyd etmişdir ki, biz 3 il ərzində İdarəedici Komitənin fəal üzvlərindən biri olmağa çalışacağıq. Bu, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə emiqrasiyası zamanı və ya həmin ölkələrdən Azərbaycana immiqrasiya etmiş insanların da sosial müdafiəsini gücləndirmək imkanlarının ortaya qoyulması deməkdir. Bu da qloballaşma dövründə son dərəcə vacib məsələdir. Azərbaycan Avropa Şəbəkəsi daxilində bu ölkələrlə sıx əməkdaşlıq nəticəsində pensiya-sığorta sisteminin gələcək inkişafı üçün bütün istiqamətlərdə örnək kimi götürüləcək elementlərə daha yaxın olacaqdır.
DSMF-in sədri vurğulamışdır ki, iclas çərçivəsində biz sığorta-pensiya sistemlərində mövcud olan sərbəst aktivlərin yerləşdirilməsinin Avropa ölkələrində hansı səviyyədə olması təcrübəsindən yararlanmaqla yanaşı, bu ölkələrin sığorta-pensiya sistemindəki informasiya texnoloğiyalarının Azərbaycanda birbaşa tətbiqinə də nail olmaq imkanı əldə edə biləcəyik.
Niderland Sosial Sığorta Bankının baş icraçı direktoru Errol Frank Stuve bildirmişdir ki, BSTA beynəlxalq təşkilat olduğu üçün bütün dünyanı əhatə edir. Qurum çərçivəsində Avropa Şəbəkəsinin yaradılması bu ölkələrdə səhiyyə, sosial təminat və digər məsələlərin birgə həllinə nail olmaq məqsədi daşıyır. Hazırda Avropanın 35 ölkəsindən 70 təşkilat üzvlük üçün müraciət etmişdir. Natiq vurğulamışdır ki, Avropa ölkələrinin pensiya-sığorta sahəsində problemləri oxşardır. Onlardan biri bütün Avropada əhalinin yaşlanma probleminin olmasıdır. Eyni zamanda, Avropa məkanında əhali arasında Qərbdən Şərqə və ya əks istiqamətdə böyük hərəkət vardır. Problemlərdən biri də şəffaflıqla bağlıdır. Biz hamımız bilməliyik ki, yaşlaşanda nə qədər pensiya ala biləcəyik.
İclas iştirakçıları səfər çərçivəsində DSMF-in rayon şöbələri ilə yaxından tanış olacaq və bu qurumların iş təcrübəsi haqda ətraflı məlumat əldə edəcəklər.