BAKIDA DƏMİR YOLU TEXNOLOGİYALARINA HƏSR EDİLMİŞ SEMİNAR BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 30-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Koreya Respublikası Dəmir Yolu Şəbəkəsinin təşkilatçılığı ilə dəmir yolu texnologiyalarına həsr edilmiş ikigünlük seminar işə başlamışdır.
Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Koreya Respublikasına səfəri zamanı imzalanmış Memoranduma əsasən, ölkələrimizin yol-nəqliyyat kompleksi arasında əməkdaşlıq sürətlə inkişaf edir. Həmin Memorandumda Azərbaycanın nəqliyyat sisteminin yenidən qurulması, müasir səviyyədə inkişaf etdirilməsi və dəmir yolu infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz əksini tapmışdır. Ötən dövrdə Azərbaycan və Koreya Respublikasının dəmiryolçuları arasında ikitərəfli görüşlər keçirilmiş, müvafiq layihələr hazırlanmışdır.
Respublikamızda dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının hazırlandığını qeyd edən nazir müavini, koreyalı mütəxəssislərin təklif etdiyi Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması layihəsinin bu proqrama uyğun olduğunu bildirmişdir. Seminarın proqramın həyata keçirilməsində mühüm rol oynayacağı qeyd edilmişdir.
Koreya Respublikası Dəmir Yolu Şəbəkəsinin icraçı direktoru Kim Naq Qi və bu ölkənin Bakıdakı səfiri Lü Kvanq Çul çıxış edərək seminarın işinə uğurlar arzulamış, onun qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacağına əmin olduqlarını bildirmişlər.
Seminarın birinci günü Azərbaycan Dövlət Dəmir Yolunun mütəxəssisləri ölkədə dəmir yolu xətlərinin ümumi vəziyyəti, yol təsərrüfatında aparılan təmir-bərpa işləri, enerji təchizatı, rabitə və işarəvermə sistemi haqqında ətraflı məlumatla çıxış etmişlər.
Koreya Respublikası Dəmir Yolu Şəbəkəsinin və “Chungsuk enginerig” şirkətinin nümayəndələri çıxış edərək, dəmir yolu sisteminin yenidən qurulması, infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiqi nəticəsində xətlərin ötürücülük qabiliyyətinin və daşımaların sürətinin artırılması ilə bağlı təcrübələrindən danışmışlar.
Seminarın ikinci günü Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik hissəsinin yenidən qurulması ilə əlaqədar koreyalı mütəxəssislər tərəfindən hazırlanmış layihənin son variantının təqdimatı keçiriləcəkdir.
######
![]() |
![]() |

