CƏMİYYƏT
Bakıda Dünya Diabet Günü qeyd edilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079268545003952258_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926854466813890_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268542402111922_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin (REM) təşəbbüsü ilə Bakıda 14 noyabr - Dünya Diabet Günü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Dünya Diabet Gününə həsr olunmuş tədbir noyabrın 14-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) keçirilmişdir.
Tədbirdə çıxış edən ADHTİ-nin direktoru Nazim Qasımov bu əlamətdar günün yaranma tarixindən danışmışdır. Demişdir ki, Dünya Diabet Gününün qeyd olunmasında məqsəd qlobal miqyasda diabet xəstəliyinin qarşısını almağın mümkün yolları barədə əhalini maarifləndirməkdir.
Məlumat verilmişdir ki, hazırda dünyada 371 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər. Odur ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədi ilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilmişdir. Beynəlxalq Diabet Federasiyası və DST tərəfindən təsis edilmiş bu gün noyabrın 14-də - 1922-ci ildə diabet xəstəliyinə tutulmuş insanların həyatını xilas edən insulin adlı dərmanın kəşfində Çarlz Bestlə bərabər həlledici rol oynamış Frederik Bantinqin doğum günündə qeyd edilir.
REM-in direktoru Rauf Cabbarov isə demişdir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu xəstəlik sürətlə artmaqdadır. 1994-cü ildə 45 min insan rəsmi qeydiyyata alındığı halda, bu ilin əvvəli artıq 182 min 759 nəfər diabetli xəstə olmuşdur.
R.Cabbarov ağır fəsadlar törədən şəkərli diabet xəstəliyinin qarşısının alınmasında maarifləndirmə və profilaktika işlərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
REM direktorunun müavini, Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova çıxış edərək ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından, şəkərli diabetlə bağlı görülən işlərdən və bu xəstəliyin müalicəsində əldə olunan son nailiyyətlərdən söhbət açmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılmış və bu məsələ Azərbaycan qanunvericiliyində də əksini tapmışdır. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq edilməsi barədə dövlətimizin başçısının 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli qərarı ilə “2005-2009-cu illər üzrə şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir.
Digər çıxışlarda da Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğının bu sahədə xeyli irəliləyişlərə səbəb olduğu xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini təmin etmişdir.
Diqqətə çatdırılmışdır ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.
Sonra diabetlə mübarizədə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır.
Daha sonra Azərbaycan Diabet Liqasının müraciəti əsasında “Park Bulvar” ticarət və əyləncə mərkəzində 4-10 yaşlı 60 diabetli uşaq üçün əyləncə təşkil ediləcək, onlara nahar yeməyi və hədiyyələr veriləcəkdir. Uşaqlara ADL və REM tərəfindən hədiyyələr təqdim olunacaqdır.