BAKIDA DÜNYA GƏNCLƏRİNİN IV MƏŞĞULLUQ SAMMİTİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Dünya gənclərinin IV məşğulluq sammiti (YES) sentyabrın 27-də başa çatmışdır.
Bakı sammitinin sonuncu günü çıxış edənlər aparılmış müzakirələrin, irəli sürülmüş təkliflərin cəmiyyətin inkişafında mühüm rol oynayacağını, mövcud problemlərin həllinə ciddi təsir göstərəcəyini bildirmişlər.
Qeyd edilmişdir ki, bu sammit dünya gənclərinin kifayət qədər fəal olmasını, onların istənilən beynəlxalq tədbirlərdə, layihələrdə iştirak etmək iqtidarında olduğunu sübut etdi. Bildirilmişdir ki, dünyada ekoloji tarazlığın qorunması, iqtisadi inkişafın təmin edilməsi, yoxsulluğun və aclığın aradan qaldırılması qarşıda duran ən ciddi problemlərdir və gənclər bu problemlərin həllində fəal iştiraka hazırdırlar.
Bakı sammitində gənc nəslin gəlirləri, onların məşğulluğunun təmin edilməsində qabaqcıl təcrübə mübadiləsi, gənclərin məşğulluq mərkəzlərinin yaradılması, sahibkarlıqla bağlı maarifləndirmə, insan kapitalının idarə edilməsi, təhsildən kənar qalan gənclərlə iş, gənclər proqramlarının təsir imkanları, habelə yoxsulluğun aradan qaldırılmasında gənclərin rolu və digər məsələlər müzakirə olunmuş, bir sıra maraqlı təkliflər səslənmişdir.
Vurğulanmışdır ki, sammit gənclərin məşğulluğunun təmin edilməsində, bu sahədə dünya dövlətləri arasında təcrübə mübadiləsinin təşkilində xüsusi rol oynayacaqdır.
Bununla yanaşı, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın, Azərbaycan tarixinin, mədəniyyətinin digər xalqlar arasında təbliğ olunmasında, həmçinin Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə çatdırılmasında sammitin müstəsna əhəmiyyəti vardır.
Sammit iştirakçıları bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna təşəkkürlərini çatdırmışlar.
Sonda sammitin Bakı Bəyannaməsi qəbul edilmişdir.
Növbəti sammitin 2010-cu ildə İsveçdə keçiriləcəyi elan edildi və tədbirin rəmzi məşəli bu ölkəni təmsil edən gənclərə təhvil verilmişdir.
######
