Bakıda “Elektron kitabxananın idarəedilməsi” mövzusunda xüsusi təlim keçiriləcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakıda dövlət və özəl təhsil müəssisələri, eləcə də, digər müəssisələrin kitabxana sahəsində çalışan işçiləri üçün “Elektron kitabxananın idarəedilməsi” mövzusunda təlim keçiriləcək.
“Ultra Technologies” şirkətindən AZƏRTAC-a bildirilib ki, təlim ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Tədbirdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumat veriləcək. İştirakçilar kitabxanalarda yüksək texnologiyaların və lazımi sistemlərin tətbiqi, elektron və onlayn kitabxanaların qurulması və s. faydalı məlumatlar əldə edəcəklər.
Peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlim ödənişsizdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarında, Gəncədəki Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə komponenti tətbiq olunub.
ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. Sistem Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Ultra Technologies” şirkəti tərəfindən işlənib hazırlanıb.
Təlimdə iştirak etmək istəyənlər öncədən qeydiyyatdan (seminar.ultra.az/alisa) keçməlidirlər.