BAKIDA ƏQLİ MÜLKİYYƏTİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 11-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında əqli mülkiyyətin həyata keçirilməsi üzrə ikigünlük seminar işə başlamışdır.
İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə keçirilən seminarda Respublika Müəllif Hüquqları Agentliyinin, Bakı Dövlət Universitetinin və İsveçrənin Əqli Mülkiyyət üzrə Federal İnstitutunun mütəxəssisləri iştirak edirdilər.
Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov çıxış edərək bildirmişdir ki, Azərbaycanda müəllif hüquqlarının təmin olunması istiqamətində ardıcıl işlər görülməkdədir. Əqli mülkiyyət hüquqlarının qorunması və həyata keçirilməsi Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması prosesində, daxili və xarici investisiyanın cəlb edilməsində əhəmiyyətli rol oynayacaqdır.
O.Səmədov demişdir ki, bu seminar Azərbaycanda əqli mülkiyyət hüquqlarının tətbiqini gücləndirmək üçün SECO tərəfindən maliyyələşdirilən böyük bir layihənin tərkib hissəsidir. Lahiyə çərçivəsində Respublika Müəllif Hüquqları Agentliyinin bir qrup mütəxəssisi İsveçrədə treninq keçərək müasir təcrübəyə yiyələnmişdir.
Natiq demişdir ki, seminar Azərbaycandakı əqli mülkiyyət sahəsində bütün maraqlı tərəfləri bu sahədəki cari və gələcək problemləri müzakirə etmək və milli əqli mülkiyyət siyasətininm işlənib hazırlanmasına öz töhfələrini vermək üçün bir araya gətirəcəkdir.
Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq ofisinin rəhbəri Filip Keller bildirmişdir ki, əqli mülkiyyət hüquqlarının qorunması və onun tətbiqi Azərbaycanın iqtisadi inkişafında böyük rol oynayacaqdır. Azərbaycan hökuməti qanuni əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində bir sıra addımlar atıb. Azərbaycanın DTT-nin TRİPS sazişi çərçivəsində tələb olunan əksər əqli mülkiyyət hüquqları sazişlərinə qəbul olunması, əqli mülkiyyətin qorunmasını nəzərdə tutan hüquqi bazanın təkmilləşdirilməsi buna misaldır.
İyunun 12-də başa çatacaq seminarda Dövlət Gömrük Komitəsi sistemində əqli mülkiyyətin tətbiqi, əqli mülkiyyətin icmalı, Azərbaycanın inkişaf strategiyası - əqli mülkiyyətlə bağlı ölkənin oynadığı rol və digər məsələlər müzakirə olunacaqdır.
######
