SİYASƏT
Bakıda “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans başa çatmışdır
![Bakıda “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans başa çatmışdır](/files/2013/3/1200x630/14071451164117145980_1200x630.jpg)
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans noyabrın 8-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü “İdarəetmədə İslam və son dəyişikliklərdən sonra ərəb ölkələrinin siyasi və ictimai həyatında dinin rolu” mövzusunda sessiya keçirilmişdir.
Sessiyada İslam hüququ, İslam siyasi və hüquqi konsepsiyalarının ərəb ölkələrində baş verən iğtişaşlardan sonrakı dövrdə ictimai sferaya tətbiqi məsələləri müzakirə edilmişdir.
Tədbirdə “Din və demokratiya, inqilabdan sonrakı dövrdə siyasi İslam üçün yeni çağırışlar”, “Ərəb baharı”na dini yanaşma: İslamçı hökumətlərin siyasi proqramında dinin nüfuzu problemi”, “Ərəb baharı” ictimai sferada dinin rolunu necə dəyişdi?” və digər mövzularda məruzələr dinlənilmişdir.
Müzakirələrdə son vaxtlar müxtəlif dairələrdə “İslam” və “Terror” sözlərinin əlaqələndirilməsinin narahatlıq doğurduğu bildirilmişdir. Vurğulanmışdır ki, terrorun dini, milləti, ölkəsi yoxdur və terrorizmə qarşı birgə mübarizədə səyləri artırmaq şərtdir.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Konfransın qiymətləndirmə hesabatı ərəb və ingilis dillərində nəşr edilərək yerli və xarici təşkilatlara paylanacaqdır.