Bakıda gənc rəssamların sərgisi açılıb
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, 2 fevral - Gənclər Günü münasibətilə açılan sərgi Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərgini açaraq gənc rəssamları və bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. O, əmin olduğunu bildirib ki, bugünkü gənc müəlliflərdən gələcəkdə böyük sənətkarlar yetişəcək.
Hər il ənənəvi olaraq keçirilən sərginin əhəmiyyətindən danışan Xalq Rəssamı vurğulayıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu müasir Azərbaycan gəncliyinin sənətə bağlılığından xəbər verir. Sərginin təşkilinin gənclərə dəstək məqsədi daşıdığını söyləyən F.Xəlilov əsərləri sərgidə nümayiş olunan gənc rəssamlara uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir. Gənclərin ictimai həyatda fəal iştirakı yeni ab-hava gətirib. Ölkənin taleyi, inkişafı və gələcəyi birbaşa gənclərlə bağlıdır. Bu cür tədbirlər gənclərin estetik tərbiyəsi, onların yaradıcılığa marağının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə 20 gənc rəssama Azərbaycan Rəssamlar İttifaqının üzvilik vəsiqəsi təqdim olunub.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə 150 müəllifin 200-ə yaxın işi, o cümlədən boyakarlıq və qrafika nümunələri, heykəllər, dekorativ-tətbiqi sənət əsərləri, fotoşəkillər, zərgərlik məmulatları, vitrajlar nümayiş etdirilir.
Sərgi 10 gün davam edəcək.