BAKIDA GƏNCLƏR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI BAŞLANMIŞDIR
İyulun 14-də Milli Olimpiya Komitəsinin idman kompleksində gənclər arasında şahmat üzrə Avropa çempionatının təntənəli açılışı olmuşdur. Yarışların təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Şahmat Federasiyasıdır.
Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Çempionatda 16 ölkənin 60-dan çox gənc şahmatçısı mübarizə aparır. Yarışlarda komandamız daha çox idmançı ilə təmsil olunmuşdur. Azərbaycan yığma komandasında 10 qız və 12 oğlan şahmatçı çıxış edir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açılış mərasimində çıxış edərək, yarış iştirakçılarını Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi adından salamladı və vurğuladı ki, son vaxtlar ölkəmizdə müxtəlif çempionat və turnirlər keçirilir. Şahmat Azərbaycanda idmanın geniş yayılmış növlərindən biridir. Şahmatçılarımız bir çox mötəbər yarlşlarda iştirak edir və yaxşı nəticələr qazanırlar. Gənclər arasında Avropa çempionatının vətənimizin paytaxtında keçirilməsi haqqında qərar qəbul edilməsi də bu uğurların nəticəsidir.
Nazir qeyd etdi ki, dövlətimizin başçısı Heydər Əliyev idmanın bu növünün Azərbaycanda inkişafına daim qayğı göstərir.
Sonra Avropa Şahmat İttifaqının prezidenti Boris Kutin, beş dəfə dünya çempionu, Gürcüstan Milli Olimpiya Komitəsinin fəxri prezidenti Nonna Qaprindaşvili, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Milli Məclisin deputatı Aynur Sofiyeva çıxış edərək, yarışların iştirakçılarını salamladılar və gənclər arasında şahmat üzrə Avropa çempionatının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdilər. Natiqlər vurğuladılar ki, şahmatda yaxşı ənənələri olan Azərbaycanda dünya səviyyəli ustalar hazırlanmışdır. Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilməsi sayəsində indi dünyada çoxları bu ölkəni daha yaxşı tanıyırlar.
Sonra Aynur Sofiyeva çempionatın başlandığını elan etdi.
Azərbaycanın dövlət himni səsləndi.
Yarışların iştirakçılarını respublikıamızın incəsənət ustaları da salamladılar.
Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirakçılara yaxınlaşdı və taxtalardan birində ilk gediş etdi.
İsveçrə sistemi ilə keçirilən çempionat iyulun 24-də başa çatacaqdır.
X X X
Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İLHAM ƏLİYEV açılış mərasimindən sonra jurnalistlərə müsahibə verdi:
-Bildiyiniz kimi, şahmat tacı vaxtilə Bakıda idi. Sonra Bakıdan getdi. Mən əminəm ki, şahmat tacı Bakıya qayıdacaqdır. Gənc şahmatçı Teymur Rəcəbov böyük istedada malikdir və əminəm ki, yaxın gələcəkdə o, dünya çempionu olacaqdır. Mən çox şadam ki, bu gün belə bir tədbir Azərbaycanda keçirilir. Bu, həm şahmatın geniş yayılmasına təkan verəcəkdir, həm də bizim gənc idmançılarımız öz güclərini sınayacaqlar.
SUAL: Bakıda kifayət qədər beynəlxalq yarışlar keçirilir. Qarşıda olimpiya oyunlarına lisenziya qazanmaq kimi mühüm vəzifə durur. Bir-iki ildən sonra olimpiya oyunları keçiriləcəkdir. Azərbaycanda olimpiya oyunlarına lisenziya qazanmaq üçün xüsusi turnirlərin keçirilməsi üçün hansı işlər görülür?
CAVAB: Bəli, biz bu işlərimizi iki il bundan qabaq görməyə başladıq. Belə bir istəyimiz var idi ki, beynəlxalq lisenziya turnirləri Bakıda keçirilsin. Müxtəlif beynəlxalq federasiyalara müraciət etdik. Bilirsiniz ki, qaydalar çox sərtdir və müxtəlif idman növləri üzrə lisenziya turnirləri o qədər də böyük sayda deyildir. Ancaq buna baxmayaraq, Beynəlxalq Boks Federasiyasına olan müraciətimiz cavabsız qalmadı və onlar olimpiya lisenziya turnirlərindən birinin Azərbaycanda keçirilməsi haqqında artıq qərar qəbul etmişlər. Hesab edirəm ki, bu, çox düzgün qərardır. Çünki bilirsiniz ki, Azərbaycanda ənənəvi olaraq Ənvər Çoudrinin adını daşıyan turnir keçirilir. Yeniyetmələr arasında Avropa və dünya çempionatı keçirilmişdir. Ona görə də bizim buna haqqımız çatırdı. Mən çox şadam ki, Beynəlxalq Boks Federasiyası belə bir qərar qəbul edibdir. Digər idman növləri üzrə də danışıqlar aparılır. Ola bilsin ki, başqa idman növü üzrə də hansısa lisenziya turniri Bakıda keçirilsin.
SUAL: İlham müəllim, Azərbaycandakı digər idman komplekslərində çempionatların keçirilməsi nəzərdə tutulurmu, bu, olacaqmı?
CAVAB: Mən əminəm ki, olacaq. Mən bizim federasiyalara demişəm, bir halda ki, bu komplekslər tikilir, orada mütləq Azərbaycan çempionatları keçirilməlidir. İndi Bakıda camaat, idman həvəskarları beynəlxalq yarışlara artıq vərdiş ediblər. Açığını deyim ki, ölkə çempionatları o qədər də böyük maraq doğurmur. Bunlara baxmağa yalnız ya idmanla məşğul olanlar, ya da iştirak edənlərin dostları, qohumları gəlirlər.
Əlbəttə, həvəskarlar da gəlirlər. Amma rayon mərkəzləri üçün, Azərbaycanın digər şəhərləri üçün Azərbaycan çempionatı böyük marağa səbəb ola bilər. Ona görə mən bizim federasiyalara öz xahişimi bildirmişəm ki, baxsınlar, hansı idman növü üzrə hansı şəhərdə çempionatlar keçirilə bilər. Artıq Naxçıvanda idman kompleksi açdıq. Yaxın gələcəkdə Gəncədə və Şəkidə açacağıq. Ondan sonra Lənkəranda və Azərbaycanın bütün bölgələrində açacağıq. Mən hesab edirəm ki, bu, çox düzgün qərar ola bilər. Çünki beləliklə idmanın yayılması, populyarlaşması təkcə Bakıda yox, Azərbaycanın hər bir yerində özünü göstərəcəkdir.
SUAL: İlham müəllim, İradə Haşımova artıq Afinada keçiriləcək olimpiya oyunlarına lisenziya qazanmışdır. Ümumiyyətlə, Azərbaycan idmançılarının lisenziya qazanması perspektivini necə qiymətləndirirsiniz?
CAVAB: Yüksək qiymətləndirirəm. Bizim böyük uğurlarımız var. Mən əvvəldən proqnoz vermək istəmirəm. Amma bizim idmançılarımızın gücünü nəzərə alaraq deyə bilərəm ki, əlbəttə, lisenziyaların sayı çox olacaqdır. Hazırda Zemfiranın və İradənin lisenziya qazanması çox sevindirici haldır. Mən əminəm ki, bundan sonra digər idman növlərində də lisenziyaları yaxın vaxtlarda görəcəyik. Əminəm ki, həm lisenziyanın sayı çox olacaq, həm də idmançılarımızın gələcək olimpiadada çıxışları yüksək səviyyədə olacaqdır.
SUAL: İlham müəllim, Cənubi Koreya və Yaponiyada keçirilən futbol üzrə dünya çempionatı sona çatsa da, bu yarışın həyacanı hələ də davam etməkdədir. Türkiyə futbolçuları bizə xoş anlar yaşatdılar. Yəqin ki, Azərbaycan futbolçuları da nə vaxtsa bizə belə xoşbəxt, sevindirici anlar bəxş edəcəklər.
CAVAB: Mən Türkiyə futbolçularını bu böyük qələbə münasibətilə təbrik etmişdim, onlara - həm federasiyaya, həm Türkiyə Milli Olimpiya Komitəsinə, Türkiyə komandasına, həm də futbolçulara və baş məşqçiyə məktublar da göndərmişdim. Əlbəttə, bu, hamımızın böyük sevincidir. Biz qürür hissi keçiririk ki, millətimiz belə böyük qələbə qazanıbdır. Bu, tarixi bir qələbədir.
O ki, qaldı bizim bu idman növü üzrə fəaliyyətimizə, o da göz qabağındadır. Bu, Milli Olimpiya Komitəsinin prezidenti kimi məni çox məyus edir. Azərbaycanda futbol çox aşağı səviyyədədir. Biz beynəlxalq yarışların nəinki final mərhələsində, hətta ilkin mərhələlərdə də, qrup yarışlarında da çox zəif çıxış edirik. Bu, məni çox narahat edir, məyus edir. Hesab edirəm ki, bu vəziyyət dözülməzdir. Gərək bu barədə həm idman ictimaiyyəti, həm ictimaiyyət, mütəxəssislər, həm də, əlbəttə, idmana rəhbərlik edən qurumlar ciddi tədbirlər görsünlər.
Mən sizə bir faktı deyə bilərəm. Bəzən deyirlər ki, Azərbaycanın digər idman növlərində - voleybolda, həndbolda, hərbi idman növlərində uğurlari təsadüfi xarakter daşıyır. Bunu, adətən, futbolu belə bir bərbad vəziyyətə salan insanlar deyirlər. Amma hər bir yeni il, hər bir yeni mərhələ bizim idmanımızı daha da gücləndirir. Bizim otüstü xokkey komandamız bu yaxınlarda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıbdır və çox çətin bir yarışda Belçika, Avstriya komandalarını böyük hesabla məğlub edibdir. Bu, nəyi göstərir? Bizdə otüstü xokkey, demək olar ki, bir il bundan qabaq tamamilə yox idi. Nə çempionatlar keçirilirdi, nə komandalar var idi. Yəni demək istəyirəm ki, əgər istək olsa, bu işlə peşəkarlar məşğul olarsa, hər bir idman növündə qısa bir müddət ərzində nailiyyətlər qazanmaq olar.
Futbol da adi bir idman növüdür. Başqa idman növlərindən də heç nə ilə fərqlənmir. Ona görə əgər biz işimizi futbolda da düzgün qursaq, federasiyanı gücləndirsək, idmançılara, futbolçulara, məşqçilərə, mütəxəssislərə qayğı göstərsək, əlbəttə, futbolda da böyük qələbələr qazana bilərik. Bizim insanlarımız təkcə Türkiyənin qələbəsinə yox, Azərbaycan komandasının qələbəsinə də eyni səviyyədə sevinəcəklər.
X X X
Çempionatın açılış mərasimində Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov, deputatlar və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto İlqar Cəfərovundur