Bakıda “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da “Four Seasons” mehmanxanasında “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycandan əlavə, Almaniya, İsrail, Rusiya və Gürcüstandan alim və mütəxəssislər iştirak etmişlər. Konfrans ABŞ-ın “Abbot”, Almaniyanın “Stada” və Azərbaycanın “ATENA” şirkətlərinin dəstəyi ilə təşkil olunmuşdur.
Tədbirdə Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Tibb Universiteti (ATU) və digər yerli təşkilatlardan nümayəndələr iştirak etmişlər. Yerli və əcnəbi alimlər ginekologiya və perinatologiya sahələrində mövcud olan aktual problemlərdən danışmış və mühüm faktlar göstərmişlər. Mütəxəssislər bu problemlərin həlli yollarını müzakirə etmişlər.
Tədbirdə yeni yaradılmış “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin təqdimatı da olmuşdur. Birliyin sədri Elmi Tədqiqat Mamalıq və Gionekologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəmilə Qurbanovadır.
Qurumun sədr müavini ATU-nun professoru Nigar Kamilova bildirmişdir ki, ictimai birliyin əsas məqsədi ginekologiya və perinatologiya sahələrinin inkişafına dəstək verməkdir. Qurumun vəzifələrinə qeyd olunan sahələr üzrə əhalinin maarifləndirilməsi işini təşkil etmək, tədqiqatların aparılmasına dəstək vermək, əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etməkdir. Qurum müvafiq sahələrdə beynəlxalq təcrübəni öyrənməyi də nəzərdə tutur. İctimai birlik öz vəzifələrini həyata keçirmək üçün müxtəlif kurs, seminar, idman yarışları, dəyirmi masa və görüşlər təşkil edəcəkdir.