BAKIDA “GUAM-IN İNKİŞAF STRATEGİYASI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Bakıda “GUAM-ın inkişaf strategiyası” mövzusunda konfrans işə başlamışdır. İki gün davam edəcək konfransda “GUAM-ın gələcəyi”, “Qloballaşma və GUAM-ın inkişafı”, “GUAM çərçivəsində əməkdaşlığın maliyyə aspektləri və təşkilatın əməkdaşlıq prioritetləri” mövzularında müzakirələr aparılacaqdır.
Beynəlxalq konfransın ilk günündə təşkilatın üzvü olan ölkələrdə bazar rəqabətinin gücləndirilməsi və azad iqtisadi ticarətin inkişafı məsələləri müzakirə olunmuşdur.
Konfransı GUAM-ın baş katibi Valeri Çeçelaşvili açaraq vurğulamışdır ki, təşkilat Avropaya inteqrasiya istiqamətində vacib addımlar atır. Bizim məqsədimiz qurumun fəaliyyətində yenilik və dəyişiklik etməkdir. GUAM ölkələrinin buna kifayət qədər iradəsi vardır. Biz əməkdaşlığın çox vacib mərhələsindəyik.
Baş katib qeyd etmişdir ki, son vaxtlar təşkilatın üzvü olan ölkələr arasında əmtəə dövriyyəsi iki dəfə - 1,5 milyard dollardan 3 milyard dollaradək artmış, cari ildə isə bu rəqəm 4 milyard dollara çatacaqdır.
GUAM üzrə tərəfdaşlarla ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin çox mühüm amil olduğunu vurğulayan V.Çeçelaşvili demişdir ki, Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycan ikinci, Ukrayna isə üçüncü yeri tuturlar.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, hazırda təşkilatın başlıca vəzifəsi üzv ölkələr arasında azad ticarət zonasının, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə mərkəzinin yaradılmasıdır. Bundan əlavə, GUAM-ın tranzit imkanlarına xidmət edəcək Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məsələsi də diqqət mərkəzindədir. Bu layihələr üzv dövlətlər arasında ticarət dövriyyəsinin artmasına imkan verəcəkdir.
Gürcüstan Xarici İşlər Nazirliyi siyasət departamentinin rəhbəri David Dondua diqqətə çatdırmışdır ki, GUAM ölkələrinin xarici siyasət və Avratlantik məkana inteqrasiyaya dair prioritetləri eynidir. Təşkilatın əsas hədəfləri Xəzər və Qara dəniz regionlarında sabitləşmə və reinteqrasiya məqsədi ilə iştirakçı dövlətlərinin potensialını birləşdirməkdir.
D.Dondua bildirmişdir ki, cari ilin iyulunda GUAM-a sədrlik Gürcüstana keçəcəkdir. Gürcüstan Azərbaycan tərəfindən başlanan bir sıra mühüm işləri davam etdirmək niyyətindədir. Bundan sonra da yeni iqtisadi layihələr tərtib ediləcəkdir. Həmçinin regionda münaqişələrin həlli istiqamətində təhlükəsizlik məsələləri dəstəklənəcəkdir.
Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk Azərbaycanın GUAM-a sədrliyi dövründə təşkilatın fəaliyyətinin yüksəldiyini vurğulamışdır.
Moldovanın Azərbaycandakı səfiri İon Robu GUAM ölkələri arasında mədəni tədbirlərin keçirilməsini təklif etmişdir. Səfir bildirmişdir ki, üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri iyunun 17-də Kişinyovda keçiriləcək beynəlxalq konfransda bir daha müzakirə olunacaqdır.
ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatlar GUAM-ın struktur inkişafı üçün 700 min dollar ayıracaqdır. Səfir vurğulamışdır ki, ABŞ uzun müddətdir GUAM-la əməkdaşlıq edir və təşkilat yaxşı perspektivlərə malikdir.
Mayın 30-da üzv ölkələrin investisiya imkanlarına, istehsalatda elmi-texniki tərəqqinin roluna dair fikir mübadiləsi aparılacaqdır. Konfransda GUAM ölkələrində enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi təhlükə və risklərə qarşı birgə mübarizə məsələlərinə də toxunulacaqdır.
Bundan əlavə, konfrans çərçivəsində GUAM ölkələrində maliyyə sektorunun inkişafının dünya iqtisadiyyatında rolu ilə bağlı işçi qrupunun üçüncü iclası keçiriləcəkdir. İşçi qrupunun iclasında “GUAM+” çərçivəsində banklar assosiasiyasının əlaqələndirmə şurasının və investisiya fondunun yaradılması məsələləri müzakirə olunacaqdır.
Müzakirələrdə Gürcüstan, Ukrayna, Moldovanın milli əlaqələndiriciləri, tərəfdaş ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər iştirak edir.
Konfransda səslənmiş əsas fikir və tövsiyələrdən ibarət hesabat hazırlanacaqdır.
######
