Bakıda İKT-də fəaliyyət göstərən qadınların yay düşərgəsi keçiriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Qadınlarının İKT Klubunun ("Femmes Digitales") və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-də Bakıda yay düşərgəsi keçiriləcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda qadınların iştirak səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri müəyyən etmək və İKT sektorunda qadınların sayının artırılması yollarını araşdırmaqdan ibarətdir. Tədbir zamanı ölkədə fəaliyyət göstərən aparıcı təşkilatların kadr yığımı zamanı istifadə etdikləri yanaşmalara və insan resursları sahəsindəki siyasətlərinə nəzər salınacaq, eləcə də klubun təsisçilərinin timsalında İKT sektorunda iş tapmağın və karyera qurmağın nümunələri nəzərdən keçiriləcək.
Tədbirin işgüzar hissəsində "Femmes Digitales" klubunun təsisçiləri Yana Krimpe və Səbinə Məmmədlinin, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədovanın, “M-Group Production” şirkətinin təsisçisi Murad Dadaşovun, “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik məktəbinin dekan əvəzi Fuad Hacıyevin və digər məruzəçilərin çıxışları yer alacaq.
Tədbir çərçivəsində bir sıra idman və əyləncəli proqramlar da nəzərdə tutulub. Belə ki, iştirakçılar Azərbaycan Qolf Federasiyası tərəfindən təşkil edilən qolf yarışına və "Femmes Digitales” klubunun keçirəcəyi “Zumba” fitnes proqramı üzrə məşqlərə qatıla biləcəklər. Həmçinin “HP”, “Cybernet” və “Iteca Caspian” şirkətləri tərəfindən təqdim edilən hədiyyələr üzrə mükafatlandırılma mərasiminin keçirilməsi də nəzərdə tutulub. Təşkilatçılar tədbirə övladları ilə gələn anaları da unutmayıb - balacalar üçün əyləncəli məşğuliyyətlər hazırlanıb.
Tədbir zamanı "Femmes Digitales" klubunun rəsmi veb-saytının (www.femmesdigitales.az) təqdimatı olacaq.