İDMAN
Bakıda ilk dəfə “V1 Challenge Azerbaijan” yarışı keçiriləcək
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 2011, 2012 və 2013-cü il mövsümlərində 110 mindən çox izləyiciyə adrenalin dolu anlar yaşadan “V1 Challenge” yarışı həm də sağlam həyat tərzini təbliğ edir.
“V1 Challenge Azerbaijan” ərəfəsində Bakıda yarışın təqdimatına həsr olunan şou təşkil ediləcək. Tezliklə “Baku Crystal Hall”da keçiriləcək bu şouda peşəkar pilotlar müxtəlif yaddaqalan manevrlərlə tamaşaçılara maraqlı anlar təqdim edərək birincilik uğrunda mübarizə aparacaqlar. Minlərlə izləyici yüksək sürət, maraqlı tryukların şahidi olacaq. Peşəkar pilotlar sürətli idarəetmədə heyrətləndirici manevr və hərəkət dəqiqliyi nümayiş etdirəcəklər.
Yarışda Azərbaycan və digər ölkələrdən 16 pilotun iştirakı nəzərdə tutulub.
Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə yarış avtomobillərinin yürüşü keçiriləcək.
“V1 Challenge Azerbaijan” yarışı ilə əlaqədar artıq avqustun 25-dən təlimlərə başlanılıb. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun iştirakı ilə keçirilən təlimlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşqlər keçirilib.