Bakıda “İnformasiya texnologiyaları infrastrukturunun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr” mövzusunda seminar keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda “İnformasiya texnologiyaları infrastrukturunun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr” mövzusunda seminar keçirilib. Tədbirdə informasiya texnologiyaları sahəsində 40-dək rəhbər və mütəxəssislər iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Azerbaijan” şirkətinin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev “Microsoft”un yeni məhsul və xidmətləri barədə məlumat verib. Bildirib ki, hazırda Azərbaycanın əksər dövlət qurumları və ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən şirkətlər həmin məhsul və xidmətlərdən istifadə edir.
Q.Mirzəyev əlavə edib ki, “Microsoft”un innovativ texnologiyalara əsaslanan yeni məhsulları dövlət qurumları və şirkətlərə çevik olmağa, xərclərə qənaət etməyə, informasiya texnologiyalarının infrastrukturunun səmərəliliyini artırmağa imkan verərək, hər bir məkanda və müxtəlif qurğudan istifadəyə şərait yaradır.
Seminar çərçivəsində Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndəsi “Elektron imza” layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi yeni inzibati binaya miqrasiya layihəsi, “ASAN xidmət” mərkəzinin nümayəndəsi portal həllinin tətbiqi layihəsi, “AzInTelecom” şirkətinin rəsmisi “Tier III Data Center” konsepsiyası, “Eurodesign” şirkətinin nümayəndəsi isə “Bakı-2015 ilk Avropa Oyunları” layihəsi çərçivəsində əldə etdikləri təcrübələri bölüşüblər.
Bununla yanaşı, seminarda şirkətlərin müasir iş alətləri, təhsildə innovativ texnologiyaların rolu və yerli sığorta həllinin “Microsoft Azure” üzərindən daha səmərəli tətbiqi barədə də ətraflı məlumat verilib.