BAKIDA “İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA KONVENSİYASI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Ali Məhkəmənin sədri Ramiz Rzayev tədbirdə çıxış edərək, dövlət müstəqilliyi bərpa olunduqdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş Azərbaycanda qanunun aliliyinin təmin edilməsi məqsədilə ardıcıl məhkəmə-hüquq islahatlarının aparıldığını diqqətə çatdırmışdır. Natiq respublikamızın yeni Konstitusiyasında insan, vətəndaş hüquqları və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulamışdır . O demişdir ki, bu gün insan hüquqlarının təmin olunması naminə, Azərbaycan Avropa ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verir. Ölkəmiz Avpora Şurasına tamhüquqlu üzv olduqdan sonra qısa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” konvensiyaya qoşulmuşdur.
Avropa Şurası Baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosiya rəsmi Bakının məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində atdığı addımların mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemi ilə bağlı imzaladığı iki Fərmanın dövlətimizin insan hüquqları və azadlıqlarının möhkəmləndirilməsində maraqlı olduğuna dəlalət etdiyini vurğulamışdır.
Tədbirdə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Xanlar Hacıyevin və xanım Fransuas Tulkensin “İnsan hüquqları üzrə Avropa Konvensiyasının ölkədaxili tətbiqi”, “ İnsan hüquqları üzrə Avropa Konvensiyasına ümumi baxış və onun icra mexanizmləri”, professor Jan-Fransua Akandji-Kombenin “Avropa Şurası insan hüquqları mexanizminə ümumi baxış” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.
Konfrans noyabrın 14-də işini davam etdirəcəkdir.