BAKIDA İTALİYA KƏND TƏSƏRRÜFATI MÜTƏXƏSSİSLƏRİNİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda İtaliyanın Baytarlıq sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə “İdxal olunan qida məhsullarının təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycanda istehsal olunan heyvandarlıq məhsullarının Avropa bazarlarına ixracı yollarına dair məsələlər müzakirə edilmişdir.
İtaliya Ticarət Komissiyasının təşkil etdiyi tədbirdə bildirilmişdir ki, indi dünyada kənd təsərrüfatı məhsullarına, xüsusən də heyvandarlıq məhsullarına tələbat artmışdır.
Beynəlxalq aləmdə ərzaq təhlükəsizliyinin əsas tələblərdən biri olduğunu deyən İtaliyanın ölkəmizdəki səfiri Can Luici Maşa ölkələrimiz arasında mövcud əlaqələrin əsasən yanacaq-energetika sahəsində inkişaf etdiyini diqqətə çatdırmışdır. Lakin indi Azərbaycanda kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdiyini deyən diplomat ölkəmizin kənd təsərrüfatı məhsulları ilə dünya bazarına daha layiqli çıxmaq imkanına malik olduğunu vurğulamışdır. Səfir bəyan etmişdir ki, bu məqsədlə İtaliya mütəxəssisləri azərbaycanlı həmkarlarına kömək etməyə hazırdırlar.
İtaliya səfirliyinin müşaviri Luciano Di Sante Azərbaycanda 3 milyon başa yaxın qaramal, o cümlədən 200 mindən artıq camış olduğunu qeyd edərək heyvandırlığın müasir tələblər səviyyəsində inkişafı ilə yanaşı, məhsuldarlığı artırmağın mümkünlüyünü vurğulamışdır. Diplomat demişdir ki, bu zaman məhsul istehsalı beynəlxalq gigiyena tələblərinin şərtlərinə cavab verməli, heyvanların kəsilməsi və ətin qablaşdırılmasında normalar gözlənilməlidir. Bu halda Azərbaycan məhsulları İtaliyada və bütün dünyada yüksək səviyyədə qəbul ediləcəkdir.
Dövlət Baytarlıq Xidməti və Baytar Həkimlər Assosiasiyasının nümayəndələrinin də iştirak etdiyi tədbirdə bildirilmişdir ki, ölkədə qaramalın sayının artırılması, bu sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi xüsusi layihə hazırlamışdır və bir neçə proqram üzərində iş gedir. Bu gün ölkə əhalisinin heyvandarlıq məhsullarına əsas tələbatı yerli istehsalçılar tərəfindən ödənilir.