MƏDƏNİYYƏT
Bakıda keçirilən festivalda Bolqarıstanın Tarqovişte şəhər kukla teatrı “Ağca” tamaşasını nümayiş etdirmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Bolqarıstanın Tarqovişte şəhər kukla teatrının ifasında “Ağca” tamaşası nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı çərçivəsində oynanılan səhnə əsərini bolqar kuklaçıları - Mariya Dmitrova və Mitko Dmitrov təqdim etmişlər.
Sevgi, mərhəmət, dostluq və qayğı hissləri aşılayan tamaşada qar kimi ağappaq gözəl qızın başına gələn əhvalatlardan, meşədə yaşayan balaca “qum adamlar”dan söz açılır. Səhnə əsərində qızla bu adamların münasibətlərinin möhkəm dostluq, səmimilik və qarşılıqlı etibar üzərində qurulduğu təsvir olunur.
Tamaşanın müəllifi və rejissoru Dimitar Dimitrov, rəssamı Lyuben Genov, musiqi tərtibatçısı Petko Mançevdir.