BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, əhaliyə 16,6 ton məhsul, o cümlədən 3 ton ət, 0,2 ton ağartı, 5 ton tərəvəz, 6 ton kartof, 0,3 ton bostan bitkisi, 2 ton meyvə, 5 min ədəd yumurta, 100 kiloqram bal təklif edilirdi.
Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 40-3 manat 60 qəpiyə, kök 60, kələm 40-50, alma 60-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 10 qəpiyə satılırdı.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkaya Salyan, Qusar, Dəvəçi, Oğuz və digər rayonlardan 47 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Burada pomidorun kiloqramı 2 manata, xiyar 1 manat 20 qəpiyə, mal əti 4 manata, kartof 50-60, soğan 20-25 qəpiyə, alma 20 qəpik-1 manata, yumurta 10 qəpiyə təklif edilirdi.
Gədəbəydən kartof gətirmiş Fazil Bayramov dedi ki, son bir neçə ayda yarmarkada 10 tona yaxın məhsul satmışdır. O, yaradılmış şəraitdən razılığını bildirdi.
Paytaxt sakinləri mal və qoyun ətini, meyvə-tərəvəzi, konserv və taxıl məhsullarını, şirələri, un məmulatını, ağartını, yumurtanı həvəslə alırdılar.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Saatlı, Salyan, Masallı rayonlarından gətirilmiş 7 tondan çox meyvə-tərəvəz, Hacıqabul Quşçuluq Fabrikindən gətirilmiş 18 min ədəd yumurta çıxarılmışdı.
Masallıdan soğan gətirmiş Camulla Babayev indiyədək yarmarkalarda 30 tona yaxın məhsul satmışdır. Deyir ki, məhsulun kiloqramını 20 qəpiyə təklif edir. O, alıcıların fəallığından razıdır. Bildirir ki, bir neçə saat ərzində 200 kiloqramdan çox məhsul satmışdır.
Sakinlər yarmarkaların davamlılığını yüksək qiymətləndirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada alıcılara Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarından gətirilmiş 27 tona yaxın məhsul təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, buradakı məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 5 tondan çox məhsul çıxarmışlar. Burada da qiymətlər bazardakından xeyli ucuz idi.
Yarmarkalarda heyvanlar baytar nəzarəti altında, alıcıların gözü qarşısında kəsilir və bazar qiymətlərindən 30 faiz ucuz satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri satışa meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfovun bildirdiyinə görə, bu gün yarmarkada paytaxt sakinlərinə 124,8 ton kənd təsərrüfatı məhsulu təklif edilir. Qiymətlər bazardakından 40 faiz aşağıdır.
Yarmarkada kartofun kiloqramı 30-50, soğan 15-20, kələm 30 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 20 qəpiyə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax və Ağsu rayonlarından 32 tondan çox kələm, alma, kartof və digər kənd təsərrüfatı məhsulları gətirilmiş və alıcılara bazardakından ucuz qiymətə təklif edilmişdir.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada da şəhər sakinlərinə ucuz qiymətlərə müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunmuşdur.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Goranboy, Bərdə və Ağstafa rayonlarının fermerləri burada satışa 14 tondan çox meyvə-tərəvəz və digər məhsullar çıxarmışlar. Qiymətləri bazardakından 40-50 faiz ucuz olan bu məhsullar həvəslə alınır.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 77,5 ton məhsul, o cümlədən 1,9 ton ət, 400 kiloqram ağartı, 37,6 ton tərəvəz, 16,5 ton kartof, 200 kiloqram konserv məhsulu, 21 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta çıxarılmışdı.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada səliqə-sahmana və qiymətlərə nəzarət edirdilər.
######
![]() |
![]() |

