BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 10,6 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 4 ton kartof, 0,2 ton bostan bitkisi, 1 ton meyvə, 5 min ədəd yumurta, 100 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 40-3 manat 60 qəpiyə, kök 60, kələm 40-50, alma 60-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 10 qəpiyə satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri 27 tona yaxın meyvə-tərəvəz, ət-süd məmulatları, konserv məhsulları gətirmişdilər. Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirdilər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri 5 tondan çox məhsul satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər əhalisi Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş, qiymətləri bazardakından 40 faiz ucuz olan məhsulları həvəslə alırdı.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada 23,5 ton kartof, 49,6 ton meyvə, 27 ton tərəvəz, 14,8 ton ət, o cümlədən Hövsan broyler fabrikindən gətirilmiş 4 tondan çox toyuq əti satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada satışa müxtəlif çeşiddə meyvə-tərəvəz və heyvandarlıq məhsulları çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə və bazar günləri Ağsu və Qazax rayonlarının fermerləri burada 33 tonadək məhsul satmışlar.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya isə Bərdə, Ağstafa və Goranboydan 15 tonadək keyfiyyətli kənd təsərrüfatı məhsulu gətirilmişdi. Burada süd məhsullarının alıcıları çoxluq təşkil edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun bildirdiyinə görə, bazar günü Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada paytaxt sakinlərinə Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 77,5 ton məhsul, o cümlədən 1,9 ton ət, 400 kiloqram ağartı, 37,6 ton tərəvəz, 16,5 ton kartof, 200 kiloqram konserv məhsulu, 21 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta təklif olunmuşdur.
Baharın gəlişi ilə əlaqədar burada tərəvəz məhsulları çoxluq təşkil edirdi. Bazardakından 30-40 faiz ucuz təklif olunan məhsulları həvəslə alan Bakı sakinləri yarmarkaların təşkilatçılarına minnətdarlıqlarını bildirirdilər.
######
![]() |
![]() |

