BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada şəhər sakinlərinə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 18 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,3 ton ağartı, 6 ton tərəvəz, 4 ton meyvə, 5 ton kartof, 8 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu. Gədəbəyli Telman Əliyev yarmarkaya gətirdiyi 1 ton alma, armud və narı münasib qiymətə satırdı. Bağban hər həftə yarmarkaya məhsul gətirəcəyini bildirdi. Alıcı Səbinə Qafarovanın sözlərinə görə, yaxın ərazidə yaşadığından hər həftə buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri satışa 279 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun sözlərinə görə, alıcılara bazardakından 20-25 faiz ucuz qiymətə 30 adda məhsul təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından 61 ton məhsul gətirilmişdir. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 10 ton məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, Qazax və Ağsu rayonlarının fermerləri sakinlərə 10 ton tərəvəz, 8,8 ton kartof, 5,2 ton meyvə, ümumilikdə, 24,6 ton məhsul təklif edirlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri satışa bazardakından 30-35 faiz ucuz qiymətlərə kartof, pomidor, alma, üzüm, badımcan və s. kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Nərimanov rayonu ərazisində Ə.Əliyev küçəsi 26-da yerləşən yarmarkada paytaxt sakinləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Tovuz, Oğuz, Daşkəsən rayonlarından gətirilmiş 52,5 ton kənd təsərrüfatı məhsullarını - üzüm, pomidor, xiyar, bibər, badımcan, soğan, kartof, alma, fındıq və armudu həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov Tərtər rayonunun Dördyol qəsəbəsindən Şəhriyar Əsgərovun bu həftə də satışa 3 ton kələm, 1 ton kök, 1 ton çuğundur gətirdiyini bildirdi. Ş.Əsgərov isə yarmarkada fermerlərə yaradılan şəraitdən razı qaldığını, paytaxta məhsul gətirmək üçün rayon rəhbərliyi tərəfindən maşınla təmin edildiyini vurğulamış, şəxsi problemlərini satışdan əldə etdiyi vəsaitlə həll etdiyini demişdir.
######
![]() |
![]() |

