BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 20 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu çıxarılmışdı. Gədəbəyli Arzu Tanrıquliyev kartofun kiloqramını 30-40 qəpiyə satırdı. Onun sözlərinə görə, yarmarkaya 15 tondan çox alma, armud, heyva, pendir, bal da gətirmişdir. Növbəti yarmarkalarda da iştirak edəcəkdir.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə, kök 60-80, alma 30-60, kartof və soğan 30-40, yumurtanın biri 10 qəpiyə təklif edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada alıcılar təklif olunan kartofun, kələmin, soğanın narınginin, heyvanın, narın, digər meyvə-tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, Quba, Salyan, Şəmkir, Kürdəmir, Biləsuvar, Qəbələ, Ağcabədi və digər rayonların fermerləri yarmarkaya 274 tondan çox məhsul gətirmişlər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından 62,5 ton məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun dediyinə görə, məhsulların çeşidi artırılmışdır və qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar boldur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 6,5 ton məhsul çıxarmışdılar. Burada da qiymətlər bazardakından ucuz idi.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara və digər rayonların fermerləri alıcılara 72 tondan çox məhsul təklif edirdilər. Burada mövsümlə əlaqədar məhsulların çeşidi dəyişmişdi. İndi alma, kartof, soğan, zoğal, ət, yumurta və başqa kənd məhsulları daha bol idi. Salyanlı Elmir Həmzəyev deyirdi ki, son aylar ərzində yarmarkada 30 tona yaxın nar satmışdır. Qəbələli Əlövsət Alıyev isə ilk dəfədir ki, yarmarkaya məhsul gətirmişdi. Sakinlər onun təklif etdiyi şabalıdı və fındığı həvəslə alırdılar.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Salyan, Ağdaş, Sabirabad, Masallı və digər rayonlardan gətirilmiş 19 ton məhsul satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax fermerləri 4 ton alma, 3,5 ton soğan, 5,4 ton kartof, 600 kiloqram kələm və digər çeşiddə meyvə-tərəvəz və süd məhsulları satırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, qazaxlılarla yanaşı, Ağsu və Qazax rayonlarının torpaq sahibləri yarmarkaya 19,6 ton məhsul gətirmişdilər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri alıcılara təzə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyevin verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, İmişli, Tərtər, Neftçala, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş 37,4 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bunun 19 tonu xaçmazlıların, 10,3 tonu tərtərlilərin, 4 tonu imişlilərin, 3,2 tonu neftçalalıların payına düşür.
######
![]() |
![]() |

