BAKIDA MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ FORUMU KEÇİRİLMİŞDİR
Noyabrın 22-də “Avropa” mehmanxanasında Azərbaycanın milli qeyri-hökumət təşkilatlarının ənənəvi forumu keçirilmişdir. Forum ölkəmizin iqtisadi inkişaf proqramının müzakirəsinə və yoxsulluğun azaldılması məsələlərinə həsr olunmuşdur.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti Devid Vudvord “Britiş petroleum” şirkətinin Azərbaycanda yoxsulluğun azaldılmasına və ölkə iqtisadiyyatının inkişafına dair strategiyası” mövzusunda məruzə etdi. O vurğuladı ki, bp neft şirkəti ölkədə yoxsulluğu azaltmaq və sabit iqtisadi inkişafa nail olmaq üçün Azərbaycan Respublikasının seçdiyi dəqiq strategiyanı bəyənir və dəstəkləyir.
Devid Vudvord bu yaxınlarda Bakıda keçirilən və yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa dair dövlət proqramının təqdimatına həsr olunmuş və Azərbaycan Prezidenti Heydər Əliyevin də iştirak etdiyi ümummilli konfransın əhəmiyyətini xüsusi vurğuladı. O dedi ki, son illər Prezidentin rəhbərliyi ilə Azərbaycanda sabit və sağlam iqtisadi idarəetmə sistemi yaradılmışdır. Devid Vudvordun fikrincə, hazırda Azərbaycan makroiqtisadi sabitliyi və əlverişli uzunmüddətli perspektivləri nəzərə alaraq, öz səylərini yoxsulluğun azaldılması üzərində cəmləşdirməlidir.
Sonra Devid Vudvord Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üçün bp şirkətinin həyata keçirdiyi strategiyadan danışaraq dedi ki, onların tikinti layihələrində 3 minədək azərbaycanlı çalışır və gələcəkdə 5 min nəfərdən çox olacaqdır. Bütün iş sahələrində 23 yerli şirkət çalışır. “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Çıraq” yatağından 165 milyon barreldən artıq neft çıxarılmış ölkə büdcəsinə təxminən 500 milyon dollar vəsait daxil olmuşdur.
Şirkətin rəhbəri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi ilə bağlı məsələlərə də toxundu. O vurğuladı ki, bu möhtəşəm layihənin həyata keçirilməsi neft kəmərinin ərazisindən keçəcəyi xalqlara və ölkələrə böyük fayda gətirəcəkdir. Bununla yanaşı, bp-nin mütəxəssisləri digər şirkətlrədən olan həmkarları ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və işlədiyi dövrdə ekoloji təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlər görürlər.
Devid Vudvord dedi ki, Azərbaycanda aparılan bütün bu iqtisadi islahatlar, sahibkarlıq üçün əlverişli şərait yaradılması, neft strategiyasının ardıcıl surətdə həyata keçirilməsi firavanlığın bərqərar olunmasına, dövlətin maliyyə imkanlarının möhkəmlənməsinə və XX1 əsrdə Azərbaycanın Xəzər regionunda iqtisadi mərkəzə çevrilməsinə gətirib çıxaracaqdır.
Sonra ABƏŞ-in prezidenti jurnalistlərin suallarına cavab verdi.
Forumun işində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.