Bakıda polisə tabe olmayan sürücü və digər şəxslər həbs ediliblər
Bakı, 16 may, AZƏRTAC
Paytaxtın Səbail rayonu Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sərnişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olduqları müəyyənləşib. Digər şəxsin isə “KİA” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.
Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.