Bakıda portuqaliyalı rəssamın əsərləri sərgilənir
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında Portuqaliyanın məşhur rəssamı Karlos Motanın “Found and findings” adlı beynəlxalq rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi və fəxri konsulluğunun təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından əvvəl Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev çıxış edərək iki ölkə arasında bütün sahələrdəki əlaqələrdən söz açıb. O deyib ki, belə tədbirlərin təşkili Portuqaliya və Azərbaycan arasında ikitərəfli mədəni əlaqələri daha da inkişaf etdirir: “Məşhur rəssam Karlos Motanın sərgisinin Bakıda açılması əlamətdar mədəni hadisədir. Biz rəssamın əsərlərinin ölkəmizin ən aparıcı sərgi salonlarından birində nümayişindən məmnunuq”.
Portuqaliyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseca rəssam haqqında məlumat verib. O deyib ki, Portuqaliyanın Ponta Delgada şəhərində anadan olan rəssam Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində daxili memarlıq üzrə təhsil alıb. Hazırda Lissabonda yaşayan rəssam 1993-cü ildən etibarən mütəmadi olaraq həm öz ölkəsində, həm də ölkəsindən kənarda fərdi və kollektiv sərgilər təşkil edir. Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya daxil olmaqla, bir sıra ölkələrdə nümayiş olunub.
Qeyd edilib ki, rəssamın yaradıcılığı rəsmdən əlavə, fırça və boya ilə ötürülən fövqəltəbiiliyin ifadəsidir. İstifadə olunan materialdan, əsərlərinin əsas vurğulayıcı məqamından, çoxtərəfli və dolğun ssenarisindən asılı olmayaraq, o, tamaşaçıları ruhunun ən dərin guşəsinə çəkib aparır. Bu, konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradıcılıqdır. Rəssamın yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində ekranlaşdırılıb və bir sıra Portuqaliya televiziya kanallarının mədəniyyət proqramlarında işıqlandırılıb.
Karlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi rəssam müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir.
Sonda Karlos Moto çıxış edərək fərdi sərgisinin Bakıda açılmasından məmnunluğunu bildirib. Bildirib ki, Bakı hər bir rəssam üçün gözəllik şəhəridir. Rəssam sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi noyabrın 23-dək ziyarətçilər üçün açıq olacaq.