Bakıda Rəsul Həmzətovun 90 illiyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın görkəmli şairi, Dağıstanın Xalq Şairi Rəsul Həmzətovun 90 illiyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak etmək üçün Rusiyadan yazıçının ailə üzvləri, Rəsul Həmzətov adına Beynəlxalq İctimai Fondun, Dağıstan hökumətinin, Dağıstan Yazıçılar İttifaqının nümayəndələri, Federasiya Şurasının üzvləri gəlmişlər. Dəvət olunanlar arasında Azərbaycanın Mədəniyyət və Gənclər Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, Bakıdakı ali məktəblərin müəllimləri, həmvətənlər təşkilatlarının nümayəndələri, Azərbaycanın Yazıçılar Birliyinin və digər ədəbi birliklərinin üzvləri olmuşlar.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov gecənin iştirakçılarını salamlayaraq qonaqları, o cümlədən Rəsul Həmzətov Fondunun vitse-prezidenti Həbibət Əzizova, Dağıstan Yazıçılar İttifaqının sədri Maqomed Əhmədov, “Rossotrudniçestvo” Agentliyinin Həmvətənlərlə iş şöbəsinin (Moskva) müdiri, şairin qohumu Həmzət Həmzətov, Həmzət Sadasa adına Dağıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Maqomed Maqomedov və başqalarını təqdim etmişdir.
2003-cü ildə dünyasını dəyişmiş Rəsul Həmzətovun poeziyası bütöv bir mədəni dövrü əhatə edir. Bu poeziya vaxtilə eyni bir ölkədə yaşamış müxtəlif xalqları birləşdirirdi. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir, o, sağlığında dünya poeziyasının klassiki olmuşdur. Şairin avar və rus dillərində, Dağıstan, Qafqaz və bütün dünya xalqlarının bir çox dillərinə tərcümə edilmiş onlarca poeziya, nəsr və publisistik kitabı nəşr edilmişdir. Onun poeziyasının işıqlı lirikası və müdrikliyi bu gün də şairin sənəti ilə tanış olan hər bir kəsi valeh edir.
R.Həmzətovun bir çox şeirləri mahnılara çevrilmişdir. Onun sözlərinə yazılmış “Durnalar” mahnısı müharibələrdə həlak olmuş qəhrəmanlara ucaldılan bir növ abidə-rekviyemdir. Dünyada 160 ağ durna abidəsi vardır.
Bir çox bəstəkarlar, o cümlədən Dmitri Kabalevski, Yan Frenkel, Raymond Pauls, Yuri Antonov, Aleksandra Paxmutova R.Həmzətovla birgə işləmişlər. Anna German, Qalina Vişnevskaya, Müslüm Maqomayev, İosif Kobzon, Valeri Leontyev, Sofiya Rotaru, Vaxtanq Kikabidze, Mark Bernes və Dmitri Xvorostovski onun şeirlərinə yazılmış mahnıların ifaçıları sırasındadır.
Rəsul Həmzətovun şeir və poemalarını İlya Selvinski və Sergey Qorodetski, Semyon Lipkin və Yuliya Neyman kimi qələm ustaları rus dilinə tərcümə etmişlər. R.Həmzətovun şair dostları Naum Qrebnev, Yakov Kozlovski, Yakov Xelemski, Vladimir Solouxin, Yelena Nikolayevskaya, Robert Rojdestvenski, Andrey Voznesenski, Yunna Morits onunla daha səmərli işləmişlər. Rəsul Həmzətoviç özü isə Puşkinin, Lermontovun, Nekrasovun, Şevçenkonun, Blokun, Mayakovskinin, Yeseninin şeir və poemalarını, Puşkin dövrü şairlərinin, ərəb şairi Əbdüləziz Xocanın və başqalarının şeirlərini avar dilinə tərcümə etmişdir.
Poeziya haqqında nəsrlə danışmaq çətindir. Gecədə onun şeirləri, şairin sözlərinə yazılmış rus, Azərbaycan və avar dilində mahnılar səsləndirilmişdir.
Rəsul Həmzətov adına Fondun vitse-prezidenti Həbibət Əzizova 20 ili tamam olmuş Fondun fəaliyyətindən, Dağıstanla Azərbaycan arasındakı mədəni əlaqələrdən qısaca söhbət açaraq qeyd etmişdir ki, Rəsul Həmzətov Azərbaycanı sevirdi və bir çox şeirlərini ona həsr etmişdir, burada onun çoxlu dostları vardı. O, Səməd Vurğunla və Əziz Əliyevlə dostluq edirdi. Onların vəfatından sonra həmişə Bakıya gəldikdə dostlarının məzarları üzərinə gül-çiçək düzmək üçün qəbiristanlığa gedirdi.
Şairin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə də səmimi münasibətləri vardı.
Dağıstan Yazıçılar İttifaqının sədri Maqomed Əhmədov R.Həmzətovun “Dağıstan” şeirini avar dilində oxumuşdur. H.Sadasa adına Dil Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Maqomed Maqomedov 2013-cü il - Rəsul Həmzətov ili çərçivəsində Dağıstanda görülmüş işlərdən danışmışdır. Qeyd edilmişdir ki, bu il Mahaçqalada şairin yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Hazırda bu konfransın materialları nəşrə hazırlanır. Rəsul Həmzətovun yubileyi ilə əlaqədar ensiklopediya, Rəsul Həmzətovun dil lüğəti, onun əsərlərinin toplusu hazırlanır.
M.Maqomedov şairin Azərbaycan ədəbiyyatının da təmsil olunduğu 20 cildlik “Dağıstan xalqlarının ədəbiyyatı” toplusundan bu yaxınlarda nəşr olunmuş 3 cildi, rus-avar lüğətini və başqa kitabları Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin kitabxanasına və Azərbaycanın avar icmasına hədiyyə vermişdir.
Çıxış edənlər qeyd etmişlər ki, Rəsul Həmzətovun yaradıcılığı müdriklik və igidlik, məhəbbət və ağrı, dua və lənət, həqiqət və inam, alicənablıq və xeyirxahlıq, anlar və əbədiyyət elmidir. Şair həmişə böyük humanist olmuşdur. Onun yaradıcılığı həyata, insanlara, Yer kürəsinə, dünyaya məhəbbətlə yoğrulmuşdur. Rəsul Həmzətov yer üzündə şərə, miskinliyə və acizliyə qarşı amansız olmuşdur.
Rəsul Həmzətovun yaradıcılığı qəhrəman Dağıstan obrazını yüksək mənəviyyat və özünəməxsus mədəniyyət nuru ilə şəfəqləndirmişdir. Bununla yanaşı o, milli ədəbiyyatın janr palitrasını xeyli genişləndirmişdir. Həmzətov yaradıcılığı ilə Dağıstan ədəbiyyatı çox böyük bir yol keçmiş və dünya mədəniyyətində layiqli yer tutmuşdur.
Ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə Rəsul Həmzətov bir çox fəxri adlar və mükafatlar ilə təltif edilmişdir: Dağıstanın Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ VƏ RSFSR Dövlət mükafatları laureatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatın, Asiya və Afrika yazıçılarının “Lotos” mükafatının, Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev mükafatlarının, habelə M.Şoloxov, M.Lermontov, A.Fadeyev, Batıray, Mahmud, S.Stalski, H.Sadasa və s. adına mükafatların laureatı, Rusiyanın Petrovsk Elm və İncəsənət Akademiyasının həqiqi üzvü. 1950-ci ildən o, Dağıstan Yazıçılar İttifaqı idarə heyətinin sədri olmuşdur.
Rəsul Həmzətoviç dörd Lenin ordeni, bir Oktyabr İnqilabı ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu, “Vətən qarşısında xidmətlərinə görə”, Böyük Pyotr ordenləri, Bolqarıstanın Kiril və Mefodiya ordeni, Gürcüstanın “Zolotoye runo” ordeni ilə və bir çox medallarla təltif edilmişdir.
Tanınmış ədəbiyyatşünaslardan K.Sultanov, V.Oqnev, V.Dementyev şairin həyat və yaradıcılığı haqqında kitablar yazıb nəşr etdirmişlər. Onun haqqında “Ürəyim dağlardadır”, “Ağ durnalar”, “Rəsul Həmzətov və Gürcüstan” kimi sənədli filmlər və televiziya filmləri çəkilmişdir.
Rəsul Həmzətov “Novıy mir”, “Drujba narodov” jurnallarının, “Literaturnaya qazeta”, “Literaturnaya Rossiya” qəzetlərinin, başqa qəzet və jurnalların redaksiya heyətlərinin üzvü olmuşdur. 1951-ci ildən ömrünün sonunadək Dağıstanın Yazıçılar Təşkilatına rəhbərlik etmişdir.
Tədbirin proqramında yubilyara həsr olunmuş sərginin açılışı, R.Həmzətov haqqında sənədli filmin nümayişi də olmuşdur.