BAKIDA RUS DİLİ FESTİVALI VƏ RUSİYA TƏHSİLİGÜNLƏRİ DAVAM EDİR
Gimnaziyanın direktoru Bibixanım Ağayeva “Rus dili xalqlararası ünsiyyət vasitəsi kimi” mövzusuna həsr olunmuş tədbiri açaraq bildirmişdir ki, 1939-cu ildən fəaliyyət göstərən məktəb 2006-cı ildə YUNESKO-nun layihəsində fəal iştirakına görə Akademik Gimnaziya statusu alaraq beynəlxalq qurumun məktəbləri sırasına daxil edilmişdir. Hazırda burada 1700 şagird təhsil alır.
Dəyirmi masa iştirakçılarına təqdim edilən videofilmdə gimnaziyanın fəaliyyəti, onun idarə olunması, gerbi, himni və sair barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, gimnaziya Rusiya Federasiyasında rus dili üzrə keçirilən olimpiada və müsabiqələrdə fəal iştirak edir. Məktəb əla təhsilə görə Qızıl medala sahib olmuş, “Ən yaxşı xarici məktəb” müsabiqəsində onun 4 müəllimi Rusiya Federasiyasının mükafatına layiq görülmüşdür. Məktəbin özünün studiyası vardır ki, burada 80-dən çox tədris filmi çəkilmişdir.
Bakı Slavyan Universitetinin dosenti Qalina Şipulina ölkəmizdə rus dilinin öyrənilməsinin bir sıra istiqamətlərindən danışmışdır. Bildirmişdir ki, 2003-cü ildən rus dili ölkəmizdə xarici dil kimi tədris edilir.
Dəyirmi masa iştirakçılarına Rusiya Federasiyasının Təhsil üzrə Federal Agentliyi rəhbərinin müavini Yevgeni Butkonun videomüraciəti təqdim olunmuşdur.